Messinin “Kopa Mükafatı”nda kimə səs verdiyi məlum oldu

“İnter Mayami”nin argentinalı ulduz hücumçusu Lionel Messinin “Kopa Mükafatı”nda qalib səsini kimə verdiyi məlum olub.

Arena.az nüfuzlu italyan jurnalist-insayder Fabritsio Romanoya istinadən məlumat verir ki, “Leo” mövsümün ən gənc futbolçusuna təqdim edilən ənənəvi mükafatın səsverməsində, qalib səsini “Barselona”nın 17 yaşlı ispaniyalı yeniyetmə sağ cinah hücumçusu Lamin Yamala verib.

Messi 2-ci yerdə “baluqrana”nın ispan mərkəz müdafiəçisi Pau Kubarsini, 3-cü yerdə isə “Mançester Yunayted”in argentinalı sol cinah hücumçusu Alexandro Qarnaçonu müəyyənləşdirib.

Lamin Yamal “Barselona”nın yetirməsidir. İstedadlı yeniyetmə 2022/2023-cü illər mövsümündən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir. Yamalın “Barselona” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Yamal “blauqrana”nın heyətində bütün yarışlarda 16 oyuna 6 qol və 8 məhsuldar ötürmə ilə fərqlənib.

Yamalın “Barselona”da çıxışının ümumi mənzərəsi 67 oyun, 13 qol və 17 məhsuldar ötürmədən ibarətdir.

Yamal 2023-cü ilin sentyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 17 oyun keçirib, 3 qol vurub, 9 məhsuldar ötürmə verib.

Lamin Yamalın qənimətlər muzeyində “Barselona” ilə 2022/2023-cü illər mövsümündə qazandığı İspaniya La Liqası var. Həmçinin Yamal İspaniya yığması ilə AÇ-2024-ün qalibi olub.

“Transfermarkt” internet-portalı 17 yaşlı ispaniyalı cinah hücumçusunun transfer dəyərini 150 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: