Abdulla Rzayev Türkiyə klublarının hədəfində

Geridə qalan mövsümü icarə əsasında “Araz-Naxçıvan”da keçirmiş “Sabah”ın müdafiəçisi Abdulla Rzayev karyerasını Türkiyədə davam etdirə bilər.

Arena.az saytının əldə etdiyi məlumata görə, qardaş ölkənin iki klubu sağ cinah müdafiəçisinin xidmətində maraqlıdır.

Söhbət Super Liqada mübarizə aparan “Sivasspor”dan, eləcə də elitaya yüksəlməyə çox yaxın olsa da, son anda bu şansı əldən vermiş “Sakaryaspor”dan gedir. Hər iki klubun nümayəndələri menecerlər vasitəsilə Abdulla ilə əlaqə saxlayıblar. Danışıqların davam etdiyi bildirilir.

Xatırladaq ki, “Araz-Naxçıvan” Abdulla Rzayevi 2023-cü ilin iyul ayında “Sabah”dan mövsümün sonuna kimi icarəyə götürmüşdü. O, Naxçıvan klubunun heyətində 28 oyuna çıxıb, qol və 1 məhsuldar ötürmə müəllifi olub.

“Sabah”ın yetirməsi olan Abdulla Rzayev daha öncə “Kəpəz” və “Şamaxı”da da icarədə çıxış edib. 22 yaşlı futbolçunun “Sabah”la müqaviləsinin müddəti bu yay bitir. Bu üzdən paytaxt klubu onu heyətində saxlamaq istəməsə, o, azad agent kimi istədiyi komandaya keçə biləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: