2025/2026-cı illər mövsümündə Premyer Liqada mübarizə aparacaq “Qəbələ” nigeriyalı hücumçusu Abdullahi Şuaybu ilə yollarını ayırıb.
Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, nigeriyalı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. 2024-cü ilin yayından “qırmızı-qaralar”ın formasını geyinən Abdullahi “Qəbələ”də keçirdiyi 29 oyunda 8 qol vurub.
“Qəbələ” komandanın uğurunda əməyi olan Şuaybuya təşəkkür edib, gələcək karyerasında yeni-yeni uğurlar arzulayıb.
Xatırladaq ki, Abdullahi Şuaybu daha öncə Azərbaycanda “Kəpəz”in də formasını geyinib. Onun bundan sonra da “Şamaxı”da çıxış etməsi gözlənilir. Belə ki, bu yay “Şamaxı”nın heyətində məşq edən 23 yaşlı forvard bir neçə yoxlama oyununda da meydana çıxıb. Böyük ehtimalla bölgə klubu tezliklə onunla rəsmi müqavilə imzalandığını açıqlayacaq.
“Qəbələ” daha öncə Emil Süleymanov (“Şamaxı”, icarə), Müşviq Nadirov, Samir Həsənov, Ruslan Voronsov, İbrahim Ramazanov, Oçe Oçoveçi, Xəyyam Məmmədli (“Baku Sportinq”, icarə), Elvin Yunuszadə, Sənan Ağalarov (“Baku Sportinq”, icarə) və Ürfan İsmayılovla da yollarını ayırmışdı. Gedənlərin əvəzində İsaak Amoa, Paulo Kimbila, Adriel Ba Lua, Eduardo Kunde və İbrahim Sanqare heyətə cəlb edilib. Prins Ovusu, Qədir Ramazanov və Elnur Mustafayevlə də yeni müqavilə imzalanıb.


