21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında təşkil olunmuş Avropa çempionatının (AÇ-2023) qalibi bəlli olub.
Arena.az xəbər verir ki, Gürcüstanın Batumi şəhərində keçirilən çempionatın həlledici matçında İngiltərə və İspaniyanın gənclərdən ibarət yığmaları üz-üzə gəliblər.
Görüşün taleyini bir qol həll edib. Yeganə qolu qarşılaşmanın ilk hissəsinə əlavə olunmuş 4-cü dəqiqədə İngiltərə yığmasının üzvü Kurtis Cons vurub. Qarşılaşmaya əlavə olunmuş 8-ci dəqiqədə ispaniyalı Abel Ruis penalti zərbəsini qola çevirə bilməyib.
Bununla da İngiltərə milli komandası turnir ərzində qol buraxmadan çempionluq sevinci yaşayıb. Sözügedən komanda qitə birinciliyində keçirdiyi 6 oyunun hər birində qapısının toxunulmazlığını qorumağı bacarıb. Bu, 21 yaşadək futbolçuların Avropa çempionatları tarixində ilk belə uğurdur. İndiyə qədər heç bir komanda belə göstəriciyə imza atmamışdı.
Qeyd edək ki, İngiltərənin U-21 yığması tarixində üçüncü dəfə Avropa çempionu olub. Bu komanda daha öncə 1982 və 1984-cü illərdə də qitə birincisi olmuşdu. Bir sözlə, ingilislər 39 illik həsrətə son qoyublar.
Sonda onu da xatırladaq ki, AÇ-2023 bu il Rumıniya və Gürcüstanın birgə təşkilatçılığı ilə keçirilib. Qitə birinciliyinin Gürcüstanda baş tutan açılış oyununu (Belçika – Niderland, 0:0) Azərbaycandan olan FİFA referisi Əliyar Ağayev idarə etmişdi. Azərbaycanlı referi daha sonra Çexiya – Almaniya görüşündə dördüncü hakim olmuş və İngiltərə ilə Almaniya yığmalarının oyununu idarə etmişdi. Hansı ki, ingilislər həmin oyunda da 2:0 hesabıyla qalib gəlmişdilər.


