AFFA Səudiyyə Ərəbistanının 2034-cü ildə keçiriləcək dünya çempionatını təşkil etmək təşəbbüsünü dəstək nümayiş etdirib.
Arena.az xəbər verir ki, bu barədə milli assosiasiyanın yaydığı bəyanatda bildirilib.
Bəyanatda qeyd olunub ki, Səudiyyə Ərəbistanı son illərdə futbolda əldə etdiyi uğurlarlarla yanaşı, beynəlxalq yarışları təşkil etmək baxımından da böyük təcrübə sahibidir:
“AFFA Səudiyyə Ərəbistanının 2034-cü ildə keçiriləcək dünya çempionatını təşkil etmək təşəbbüsünü dəstəkləyir. Səudiyyə Ərəbistanı son illərdə futbolda böyük uğurlar qazanıb, məşhur futbol ulduzlarının axın etdiyi yerli çempionat hazırda dünyada ən çox diqqət mərkəzində olan liqalardan biridir. Dost ölkə olan Səudiyyə Ərəbistanının beynəlxalq yarışları təşkil etmək baxımından böyük təcrübəsi var. Bu ölkənin milli komandası Qətərdə keçirilən son dünya çempionatında da azarkeşlərin rəğbətini qazanacaq oyun göstərdi. Əminik ki, Səudiyyə Ərəbistanı bu çətin, məsuliyyətli işin öhdəsindən uğurla gələcək”.
Xatırladaq ki, 2034-cü ilin dünya çempionatına ev sahibliyi iddiasını Səudiyyə Ərəbistanı irəli sürüb. Qazaxıstan və Özbəkistanın birgə təkliflə çıxış edəcəyi haqda da məlumat var.


