Antonio Konte “Napoli”dən ayrıldı – Rəsmi

Futbol üzrə İtaliya A Seriyasının 2025/2026-cı illər mövsümünü ikinci pillədə başa vurmuş “Napoli” baş məşqçisi Antonio Konte ilə vidalaşıb.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Tərəflər arasındakı müqavilənin müddəti bitib. Konte komandadan ayrılmaq istədiyi üçün, klub ona yeni müqavilə təklif etməyib.

Xatırladaq ki, Antonio Konte 2024-cü ilin yayından “Napoli”yə rəhbərlik edirdi. O, Neapol təmsilçisi ilə debüt mövsümündə komandanı İtaliya A Seriyası çempionluğuna aparıb. Ötən gün başa çatmış 2025/2026-cı illər mövsümündə isə “Napoli” A Seriyasını 2-ci yerdə başa vurub.

Ümumilikdə, Kontenin baş məşqçiliyi altında “Napoli” bütün yarışlarda 91 oyun keçirib. Neapol təmsilçisi bu görüşlərdə 54 qələbə qazanıb, 19 heç-heçə edib və 18 dəfə məğlub olub. Top fərqi isə belədir – 157:101.

Konte daha öncə “Arezzo, “Bari”, “Atalanta”, “Syena”, “Yuventus”, “Çelsi”, “İnter” və “Tottenhem” kimi klublarda da baş məşqçi kimi çalışıb. O, 2014-2016-cı illər aralığında İtaliya milli komandasına da rəhbərlik edib. Kontenin “Napoli”dən ayrılmasının yenidən İtaliya millisinə qayıtmağa hazırlaşması ilə bağlı olduğu iddia edilir. Məsələ burasındadır ki, Cennaro Qattuzonun istefasından sonra İtaliya milli komandasının baş məşqçi vəzifəsi boşdur.

Xəbəri sosial şəbəkələrdə paylaş: