Futbol üzrə Belçika milli komandasının sabiq qapıçısı, “Brügge”nin şərəfini qoruyan Simon Minyole peşəkar futbolçu karyerasını başa vurub.
Arena.az xəbər verir ki, 38 yaşlı qolkiper bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Təcrübəli qapıçı karyerasını məhz “Brügge”də başa vurmağın onun üçün böyük şərəf olduğunu qeyd edib.
Minyole 2019-cu ilin avqustundan etibarən “Brügge”nin formasını geyinirdi. O, bu müddətdə komanda ilə 5 dəfə Belçika çempionu olub, həmçinin 1 ölkə kuboku və 3 super kubok qazanıb. Qapıçı Belçika klubunun heyətində bütövlükdə 311 oyuna çıxıb, 333 qol buraxıb, 112 matçda qapısını toxunulmaz saxlayıb.
Minyole peşəkar karyerasına “Sent Trüden”də (106 oyun, 122 qol, 3 “quru” matç) başlayıb. O, daha sonra “Sanderlend” (101 oyun, 135 qol, 33 “quru” matç) və “Liverpul” (204 oyun, 239 qol, 66 “quru” matç) kimi Premyer Liqa klublarının uğurları üçün çalışıb. Minyole “Liverpul”la 2018/2019-cu illər mövsümündə UEFA Çempionlar Liqasının qalibi olub.
Simon Minyole 2011-ci ildə debüt etdiyi Belçika milli komandasında 35 oyun keçirib ki, bunların 10-da qapısının toxunulmazlığını qorumağı bacarıb. 35 yaşlı qolkiper milli komanda ilə DÇ-2018-də bürünc medal qazanıb.


