Aleks Serrano rəsmən “Turan Tovuz”da

İspaniyalı mərkəz yarımmüdafiəçisi Alexandro Qarsiya Serrano (Aleks Serrano) bundan sonra “Turan Tovuz”un uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Tovuz klubunun mətbuat xidməti məlumat yayıb.

28 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.

Aleks Serrano peşəkar karyerasına Xixon “Sportinq”ində başlayıb. O, “Espanyol”, “Malyorka” və “Selta”nın B komandalarında da oynayıb. Ölkəsində “Malyorka”, “Salamanka”, “Talavera”, “Korneliya” kimi klubların formasını geyinmiş futbolçu son illərdə Polşa və Bolqarıstanda legioneri həyatı yaşayıb. 2021/2022 mövsümündə Polşanın “Qurnik” komandasında oynamış futbolçu 2022-ci ildən Bolqarıstan “Hebar”ında froma geyinirdi. O, bu komandada 23 oyuna 1 qol və 1 məhsuldar ötürmə müəllifi olub. Serrano İspaniyanın U-17, U-18 və U-19 yığmalarında da çıxış edib.

“Turan Tovuz” daha öncə Fərid Nəbiyev, Aydın Bayramov, Sərtan Taşkın, Martin Petkov, Paçu, Otto Con, Brunao və Budaq Nəsirovu da heyətinə qatmışdı.

Kamal Bayramov, Tərlan Əhmədli, Tərlan Quliyev, Ayxan Hüseynov, Sadiq Quliyev, Eltun Turabov, Səbayıl Bağırov, Mehman Hacıyev, Faiq Hacıyev, Vüsal Məsimov, Piruz Marakvelidze, Belaydi Pusi və Roderik Millerlə də yeni müqavilə imzalanıb.

Henri Okebuqvu, Turan Vəlizadə, Natan Oduva, Şakir Seyidov, Siyanda Xulu, Ehtiram Şahverdiyev və Runi Eva isə komandanı tərk edib.

Xəbəri sosial şəbəkələrdə paylaş: