ABŞ-da keçirilən Amerika Kubokunda növbəti qalmaqal dünya futbol ictimaiyyətinin diqqətini özünə cəlb edib.
Arena.az məlumat verir ki, qrup mərhələsinin 3-cü turunda “C” qrupunun ABŞ – Uruqvay oyunundan (0:1) sonra, görüşün perulu baş hakimi Kevin Orteqa meydan sahiblərinin sağ vingeri Kristian Pulişiçin əlini sıxmaqdan imtina edib.
Bütün oyun boyu ABŞ yığmasının kapitanı Kristian Pulişiç dil boğaza qoymayıb – hakimlə mübahisə edib və söyüş söyüb. Final fitindən sonra Kristian duyğusal surətdə hakimlər briqadasını qələbəni Uruqvay yığması ilə qeyd etməyə nümayişkarcasına dəvət edib. Duyğular azacıq səngiyəndən sonra Pulişiç “üzünə ələk tutaraq” baş hakimə yaxınlaşıb və əl uzadaraq görüşmək istəyib. Amma Orteqa da öz növbəsində təmkinini qorumaqla nümayişkaranə surətdə, dinməzcə əllərini belinin arxasına apararaq, oyun boyu onunla hörmətsiz davranmış, oyundan sonra isə onun rəhbərlik etdiyi hakimlər briqadasına ədəbsizcəsinə sataşmış Pulişiçlə əl sıxmaqdan imtina edib. Bu məqamda Pulişiçin hətta şəhadət barmağı ilə hədə ifadə edən davranışı da diqqət çəkir.
Vurğulanır ki, müvafiq davranışı amerikan futbolçu üçün təsirsiz ötüşməyəcək. Pulişiçin barəsində oyun rəsmisinə qarşı ləyaqətsiz davrnış əsasında intizam işi açıla bilər.
Vurğulayaq ki, bu məğlubiyyət nəticəsində 2024-cü il Amerika Kubokunun meydan sahibi ABŞ yığması qrupda qalıb və doğma ölkəsində keçirilən yarışda mübarizəsini erkən başa vurub. Uruqvay yığması isə ələmə mərhələsinə vəsiqəsini təmin edib.
Kristian Pulişiçin baş hakim Kevin Orteqaya “hörmət” nümayişini əks etdirən videoçarxı təqdim edirik:


