Anatoli Nuriyev “Kişvarda”da qol hesabını açdı

Azərbaycan millisinin yarımmüdafiəçisi Anatoli Nuriyev Macarıstanın “Kişvarda” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, “Kişvarda” 2026/2027-ci illər mövsümünün 4-cü turu çərçivəsində “Nyiregyhaza” ilə qarşılaşıb.

Futbolçumuzun komandası bu rəqibi ilə səfərdə üz-üzə gəlib və 1:2 hesablı məğlubiyyətə üzülüb. Nuriyev bu matçın 57-ci dəqiqəsində meydana buraxılıb. Komandasının yeganə qolunu da Anatoli vurub. O, 82-ci dəqiqədə bərabərlik qoluna imza atsa da, komandası 90+1-ci dəqiqədə daha bir top buraxmaqla məğlub olub.

Bu nəticədən sonra “Kişvarda” 4 xalla 12 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb. Futbolçumuzun komandası 4 oyunda 1 qələbə qazanıb, 1 heç-heçə edib, 2 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Anatoli Nuriyev “Kişvarda”ya bu ilin yayında “Zirə”dən azad agent kimi ayrılaraq keçib. O, daha öncə “Sabah”, “Sumqayıt”, “Kolos”, “Minay”, “Stal”, “Serednye” kimi klubların da formasını geyinib.

2021-ci ildə Azərbaycan yığmasında debüt etmiş Anatoli millinin heyətində 19 oyuna çıxıb, 1 qol vurub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: