Ançelotti Mbappenin mövqeyi ilə bağlı ictimai fikri cavabladı

“Real”ın baş məşqçisi Karlo Ançelotti “qaymaqlılar”ın fransalı hücumçusu Kilian Mbappenin meydandakı mövqeyi haqda ictimai fikri cavablayıb.

Arena.az məlumat verir ki, artıq iki oyundur qol üzünə həsrət qalmış Mbeppe La Liqanın “Valyadolid”ə qarşı Madriddə keçirilmiş 2-ci tur oyunundan sonra tənqidlərə məruz qalıb.

Fransalı ulduz bu oyunda fürsətləri boşa verməsi ilə yadda qalıb. Futbolçu haqda belə bir ictimai rəy ərsəyə gəlib ki, Mbappe Ançelottinin onu meydanda təyin etdiyi mərkəz hücumçusu mövqeyinə uyğun gəlmir.

İtalyan mütəxəssis oyunsonrası mətbuat konfransında bu xüsusa dair şərh verib:

“Mbappenin meydanın (hücumun) mərkəzindəki mövqeyi onun komandanın səmərəsinə töhfə vermək qabiliyyətini məhdudlaşdırırmı? Xeyr, mən qətiyyən belə düşünmürəm. Mbappe heyrətamiz hücumçudur, çox sürətlidir, topsuz yaxşı hərəkət edir.
Onun üç imkanı vardı. Düşünürəm ki, bu mövqedə həmişə olduğu kimi, qol vuracaq. Məncə, onun sağ və ya sol cinahda oynamasına ehtiyac yoxdur. O, burada da qol vuracaq”, – deyə Ançelotti inamlı danışıb.

Kilian Mbappe futbola Fransanın “Bondi” klubunda qədəm qoyub. Ardınca “Klerfonten”ə keçib, oradan isə “Monako”ya yol tapıb və böyük futbolda məhz “Monako” ilə debüt edib.

2015-2018-ci illərdə Knyazlıq klubunun əsas komandasında çıxış etmiş Mbappe, 2018-ci ilin iyulunda 180 milyon avro müqabilində PSJ-nin düşərgəsinə keçib.

Mbappenin Paris klubunun heyətində çxışının ümumi mənzərəsi isə belədir: 307 oyun, 256 qol, 108 məhsuldar ötürmə. Vurduğu 256 qolla Mbappe PSJ tarixinin ən sərrast futbolçusudur.

Cari mövsümdə Mbappe “Real” heyətində bütün yarışlarda 3 oyun keçirib və 1 qol vurub.

Kilian Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 84 oyun keçirib, 48 qol vurub və 35 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) və UEFA Millətlər Liqasının (2021) qalibi olub.

Klub səviyyəsində Mbappe PSJ ilə 7 dəfə Fransa Liqa 1-in, 3 dəfə Fransa Kubokunun, 2 dəfə Fransa Liqa Kubokunun, 3 dəfə Fransa Super Kubokunun qalibi olub, “Real”la UEFA Super Kubokunu qazanıb həmçinin dəfələrlə müxtəlif fərdi mükafatlara layiq görülüb.

Xəbəri sosial şəbəkələrdə paylaş: