Anri: “Qrizmann adi 33 yaşlı futbolçu deyil”

Fransa yığmasının sabiq hücumçusu Tyerri Anri “xoruzlar”ın 33 yaşlı hücumçusu Antuan Qrizmanın yığmadakı oyunundan danışıb.

Arena.az xatırladır ki, Madrid “Atletiko”sunun “vuran ayağı” ardıcıl 14 oyundur ki, “xoruzlar”ın heyətində qol üzünə həsrətdir.

“Qrizmann milli komandada? Onun Fransa üçün etdikləri şübhə doğurmur. Onun “Atletiko” üçün nə etdiyini də hamımız bilirik. Bəli, “Barselona”ya getdi – alınmadı, amma qayıtdı… Qrizmann adi 33 yaşlı futbolçu deyil. O, 19 yaşından bəri demək olar ki, hər oyunda iştirak edib. Dieqo Simeonenin tələblərini nəzərə alsaq, bu, xüsusilə çətindir. Mənim üçün o, hələ də vacib oyunçudur”, deyə Anri vurğulayıb.

“Real Sosyedad” futbol akademiyasının yetirməsi olan Antuan Qrizmann “Atletiko”ya 2014-cü ilin iyulunda elə, Sosyedad klubundan keçib. Daha sonra isə fransalı futbolçu bir neçə mövsüm “Atletiko” ilə “Barselona” arasında satış və icarə əsasında var-gəl edib. 2023-cü ilin iyulunda isə Antuan 20 milyon avro müqabilində “Barselona”dan tamhüquqlu əsasda “Atletiko”ya transfer edilib. Qrizmanın Madrid klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Qrizmann “döşəkçilər”in heyətində 4 oyuna 1 qol, 2 məhsuldar ötürmə ilə fərqlənib. Qrizmanın “Atletiko”nun heyətində ümumi statistikası isə belədir: 393 oyun, 182 qol, 86 məhsuldar ötürmə.

Vurğulayaq ki, Qrizmann “Atletiko” tarixinin ən sərrast futbolçusudur.

Qrizmann “Atletiko” ilə İspaniya Super Kubokunun (2014/2015), Avropa Liqasının (2017/2018), UEFA Super Kubokunun (2017/2018) qalibi olub.

Qrizmann hazırda vitse-kapitanı olduğu, 2014-cü ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 137 oyun keçirib, 44 qol vurub, 38 məhsuldar ötürmə verib. Antuan “xoruzlarlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının və 2021 UEFA Millətlər Liqasının qalibi olub. Qrizmann həmçinin 2016-cı ildə Fransada keçirilmiş Avropa çempionatının finalçısı və 6 qolla ən sərrast futbolçusu olub.

“Transfermarkt” internet-portalı 33 yaşlı fransalı hücumçunun transfer dəyərini 25 milyon avro məbləğində qiymətləndirir.

Vurğulayaq ki, Fransa yığmasında çıxış etməsinə rəğmən, Qrizmann ata tərəfdən almanəsilli, ana tərəfdən isə portuqaləsillidir.

Xəbəri sosial şəbəkələrdə paylaş: