Madrid “Atletiko”sunun fransalı veteran hücumçusu Antuan Qrizmann Fransa yığmasının heyətində çıxışına xitam verdiyini açıqlayıb.
Arena.az məlumat verir ki, fransalı futbolçu bu barədə qərarını özünün sosial şəbəkə hesabları üzərində paylaşıb:
“Xatirələrlə dolu bir ürəklə həyatımın bu fəslini bağlayıram. Bu böyük üçrəngli macəraya görə təşəkkür edirəm, tezliklə də görüşərik”, – Qrizmann dərc edib.
Qrizmann 2014-cü ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 137 oyun keçirib, 44 qol vurub, 38 məhsuldar ötürmə verib. Antuan “xoruzlarlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının və 2021 UEFA Millətlər Liqasının qalibi olub. Qrizmann həmçinin 2016-cı ildə Fransada keçirilmiş Avropa çempionatının finalçısı və 6 qolla ən sərrast futbolçusu olub.
Vurğulayaq ki, Fransa yığmasında çıxış etməsinə rəğmən, Qrizmann ata tərəfdən almanəsilli, ana tərəfdən isə portuqaləsillidir.
“Real Sosyedad” futbol akademiyasının yetirməsi olan Antuan Qrizmann “Atletiko”ya 2014-cü ilin iyulunda elə, Sosyedad klubundan keçib. Daha sonra isə fransalı futbolçu bir neçə mövsüm “Atletiko” ilə “Barselona” arasında satış və icarə əsasında var-gəl edib. 2023-cü ilin iyulunda isə Antuan 20 milyon avro müqabilində “Barselona”dan tamhüquqlu əsasda “Atletiko”ya transfer edilib. Qrizmanın Madrid klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Qrizmann “döşəkçilər”in heyətində 9 oyuna 3 qol, 4 məhsuldar ötürmə ilə fərqlənib. Qrizmanın “Atletiko”nun heyətində ümumi statistikası isə belədir: 398 oyun, 184 qol, 88 məhsuldar ötürmə.
Vurğulayaq ki, Qrizmann “Atletiko” tarixinin ən sərrast futbolçusudur.
Qrizmann “Atletiko” ilə İspaniya Super Kubokunun (2014/2015), Avropa Liqasının (2017/2018), UEFA Super Kubokunun (2017/2018) qalibi olub.
“Transfermarkt” internet-portalı 33 yaşlı fransalı hücumçunun transfer dəyərini 25 milyon avro məbləğində qiymətləndirir.