Cənubi Azərbaycanın “Traktor” klubunun sabiq müdafiəçisi Araş Qadiri bundan sonra “Turan Tovuz”un uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, “Turan Tovuz” heyətini yeni futbolçu ilə gücləndirib. Bölgə təmsilçisi iranlı Araş Qadiri ilə danışıqları müsbət yekunlaşdırıb. 25 yaşlı mərkəz müdafiəçisi ilə 2+1 illik müqavilə imzalanıb.
İranlı futbolçu peşəkar karyerasına “Aluminium Arak” komandasında başlayıb. Daha sonra “Peykan” və “Traktor”un da şərəfini qorumuş müdafiəçi geridə qalmış 2023/2024 mövsümünü “Zobahan”da keçirib. O, bu komandanın heyətində cəmi 4 oyuna çıxıb.
Xatırladaq ki, “Turan Tovuz” daha öncə Tural Bayramlı (“Araz-Naxçıvan”), İvan Konovalov (“Baltika”, Rusiya), Sergey Samok (“KamAZ”, Rusiya), Kristian da Silva (“Sabah”) və Veysəl Rzayevi (“Sabah”) də heyətinə qatdığını açıqlamışdı. Ötən mövsümü “Şamaxı”da icarədə keçirmiş Elçin Qasımov da komandaya qayıdıb. Şəhriyar Əliyev, Aleks Souza, Alexandro Serrano, Emmanuel Hakman, Ayxan Hüseynov, Sadiq Quliyev, Oto Con, Faiq Hacıyev, Denis Marandiç, Eltun Turabov və Xəyal Nəcəfov Tovuz klubu ilə yeni müqavilə bağlayıblar. Tərlan Əhmədli, Fərid Nəbiyev, Aydın Bayramov, Belaydi Pusi və Kamal Bayramov isə komandanı tərk ediblər.


