Arda Turan “Şaxtyor”da – Rəsmi

Bir neçə gün öncə Türkiyənin “Eyüpspor” komandasının baş məşqçisi vəzifəsindən ayrılmış Arda Turan özünə yeni iş yeri tapıb.

Arena.az xəbər verir ki, gənc mütəxəssis bundan sonra Ukraynanın “Şaxtyor” (Donetsk) komandasını çalışdıracaq.

Bu barədə sözügedən klub rəsmi saytı vasitəsilə məlumat yayıb. 38 yaşlı mütəxəssislə 2 illik (2027-ci ilin 30 iyununa qədər) müqavilə imzalanıb.

Arda Turan Donetsk “Şaxtyor”unda bir neçə gün öncə istefaya göndərilmiş 53 yaşlı niderlandlı mütəxəssis Marino Puşiçi əvəz edib.

Ukrayna klubunun rəhbərliyi Puşiçlə yollarını “Şaxtyor”un uğursuz nəticələrinə görə ayırıb. Donetsk təmsilçisi Ukrayna Premyer Liqasını 3-cü yerdə bürünc medalla başa vurub. Puşiçi Ukrayna Kubokunun final oyununda “şaxtaçılar”ın əzəli rəqibi Kiyev “Dinamo”su üzərində qələbə də (1:1, penaltilərlər 6:5) xilas etməyib.

Marino Puşiç “Şaxtyor”u 2023-cü ilin oktyabrından çalışdırırdı. Bu müddətdə Puşiç “şaxtaçılar”ı 71 oyuna çıxarıb, 45 qələbə, 12 heç-heçə, 14 məğlubiyyət yaşayıb, top fərqi isə 148:76 nisbətindədir.
Puşiç “Şaxtyor”a Ukrayna çempionluğunu (2023/2024) və Ukrayna Kubokunu (2023/2024, 2024/2025) qazandırıb.

Arda Turan isə 2023-cü ildən “Eyüpspor”u çalışdırırdı. Bu, onun baş məşqçi kimi ilk sınağı idi. 38 yaşlı mütəxəssis bu komandanı bütövlükdə 84 oyuna çıxarıb, 45 qələbə, 14 heç-heçə və 25 məğlubiyyət görüb.

Ardanın “Eyüpspor”u Türkiyə Super Liqasının cari mövsümündə keçirdiyi 36 oyunda 15 qələbə qazanıb, 8 heç-heçə edib, 13 məğlubyyətə üzülüb. Sonuncu (38-ci) turda istirahət etməli olan komanda üçün mövsüm artıq başa çatıb. “Eyüpspor” mövsümü 53 xalla 6-cı yerdə bitirib.

Xəbəri sosial şəbəkələrdə paylaş: