“Atletiko” “Barselona”dan Kleman Lanqleni icarəyə götürdü

“Atletiko” fransalı mərkəz müdafiəçisi Kleman Lanqleni “Barselona”dan icarə müqaviləsi əsasında öz heyətinə qatıb.

Arena.az bu barədə Madrid klubunun mətbuat xidmətinə istinadən məlumat verir.

İcarə 2024/2025-ci illər mövsümünün sonuna qədər hesablanıb. İcarə xərci isə “Atletiko”ya 3 milyon avro məbləğində başa gəlib.

“Barselona” Lanqleni 2018-ci ildə “Sevilya”dan transfer edib. Fransız müdafiəçinin keçidi “blauqrana”ya 35,9 milyon avro məbləğində başa gəlib. Lanqlenin “Barselona” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Lanqle “Barselona”nın heyətində ümumilikdə 160 oyun keçirib, 7 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib.

Lanqle ötən mövsümü də icarədə olub, fransalı futbolçu “Aston Villa”nın uğurları üçün çalışıb, ingilis klubu üçün bütün yarışlarda keçirdiyi 25 oyunda Lanqle 1 məhsuldar ötürmə müəllifi olub.
Kleman Lanqlenin qənimətlər muzeyində “Barselona” ilə qazandığı 3 kubok var – İspaniya La Liqası, İspaniya Kral Kuboku və İspaniya Super Kuboku.

Kleman Lanqle 2019-cu ilin iyununda debüt etdiyi Fransa yığmasının heyətində 15 oyun keçirib, 1 qol vurub. Lanqle “xoruzlar”la 2021 UEFA Millətlər Liqasını qazanıb.

“Transfermarkt” internet-portalı 29 yaşlı fransalı mərkəz müdafiəçisinin trasnfer dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: