“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 8-ci turu çərçivəsində “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, Gəncə təmsilçisini doğma meydanda qəbul etmiş “Şamaxı” bu görüşdə 1:4 hesabı ilə uduzub.
Ayxan Abbasov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Üzücü məğlubiyyət oldu. Azarkeşlərimizə təşəkkür edirəm. Təəssüf ki, onları sevindirə bilmədik. Rəqibi təbrik edirəm. Çempionatda belə oyunlar olur, səndə heç alınmır, rəqibdə isə hər şey alınır. Bu gün bizim üçün həmin matçlardan idi. Oyuna yaxşı başlasaq da, qol vursaq da, 20-ci dəqiqədən sonra komandada eniş hiss etdik. Matçın qırılma anı Abdullahi Şuaybunun qırmızı vərəqə aldığı epizod idi. Bəlkə də 11 nəfərlə oynasaydıq, nələrisə dəyişə bilərdik. Növbəti qarşılaşmalara hazırlaşmalıyıq. Belə hadisələr ötən mövsümdə də başımıza gəlib. Zədələr var. Rotasiyalar etməkdə çətinlik çəkirik. Amma bu, bəhanə deyil. Bu gün əlbəttə rəqib bizdən üstün idi. Komanda olaraq toparlanmağa ehtiyacımız var”.
Ayxan Abbasov Abdullahi Şuaybunun cəzalanacağını da vurğulayıb:
“Şuaybunun günahı böyükdür. Təsəlli ediləsi bir şey yoxdur. Futbolçuları belə epizodlara hazırlamışdım. “Kəpəz”in rəqib hücumçuları özündən çıxarmağı bacaran oyunçuları var. Onlardan biri Dioqo Verdaskadır. Belə qırmızı vərəqələri bağışlamıram. Çünki komandanı pis vəziyyətdə qoydu. Bəlkə də özünü keçmiş komandasına göstərmək istəyirdi”.
Ayxan Abbasov son iki həftədə milli komandada olmağının bu oyuna təsirinin olub-olmadığına dair sualı da cavablandırıb:
“Ötən ay millidən qayıdandan sonra ən yaxşı oyunumuzu oynamışdıq, “Karvan”a qalib gəlmişdik. Mənim olub-olmamağımın məğlubiyyətə təsiri yoxdur. Bəzi futbolçular olmayanda oyunumuz aşağı düşür. İrəli baxmaq lazımdır. Məğlubiyyətlərdən sonra daha güclü olmalısan. Neçə ildir Premyer Liqadayam. Ardıcıl məğlubiyyətlər də, qələbələr olub. Bu dəqiqə biz futbolçularda özünəinam yaratmalıyıq. Bilirik ki, nə üçün vuruşuruq. Bəli, bizə uyğun rəqiblərlə matçlarda məğlubiyyət qəbuledilməzdir. Amma futbolda hər şey olur”.


