Ayxan Abbasov: “Bütün stadionlar qarlı havaya hazır olmalıdır”

“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 17-ci turunda “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, 0:0 hesablı heç-heçədən sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Gərgin oyun olacağını bilirdik. Hər iki komandaya xal lazım idi. Bizim üçün önəmli 1 xaldır. Çox böyük itkilərimiz var. Qış fasiləsinə kimi mübarizə aparacağıq. Gənc futbolçular çox şans qazanırlar. Çətin olsa da, səbr etməliyik. Qışdan sonra tam başqa “Şamaxı” görəcəyik. Mən buna inanıram. Heyətimizi gücləndirəcəyik və sona qədər mübarizə aparacağıq. Hər kəsi səbrli olmağa çağırıram”.

Ayxan Abbasov matçın qismən qarla örtülü olan bir ot örtüyündə keçirilməsinə də münasibət bildirib:

“Hava şəraiti oynamağa çətinlik yaradırdı. Belə meydançada oynamaq çox çətindir. İki komandanı da təbrik edirəm. Ən əsası odur ki, bu gün zədələr olmadı. Əvvəllər çempionatımız tez qurtarırıdı. İndi mövsüm həm tez başlayır, həm də gec bitir. Qəfil qar yağsa, bir çox yerdə belə olacaq. Bütün stadionlar qarlı havaya hazır olmalıdır. Qış aylarında oynayırıqsa, stadionlarda lazımi texnikalar olmalıdır”.

“Səbail”in baş məşqçisi Cavid Hüseynov isə heç-heçəyə belə şərh verib:

“Hər iki komanda üçün vacib oyun idi. Sonuncu yerdəyik. Bura qələbə üçün gəlmişdik, amma 1 xalla dönürük. Meydançanın vəziyyəti futbol oynamağa imkan vemirdi. Hava şaraiti öncədən bilinirdi, sinoptiklər məlumat vermişdi. Meydandançın vəziyyətini düzəltmək olardı. Buzda futbol oynamaq yaxşı olmadı. Qarşıda bizi “Zirə” ilə vacib matç gözləyir. Həmin oyuna hazırlaşacağıq”.

Xəbəri sosial şəbəkələrdə paylaş: