Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Şamaxı” baş məşqçisi Ayxan Abbasov ilə müqavilənin müddətini uzadıb.
Arena.az xəbər verir ki, bu barədə Şamaxının eyniadlı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, “Şamaxı” baş məşqçi Ayxan Abbasovla yeni müqavilə bağlayıb. Yeni müqavilənin müddəti növbəti mövsümün (2025/2026) sonuna qədərdir.
Əyalət təmsilçisi Ayxan Abbasovdan sonra məşqçilər heyəti ilə də yeni müqavilə imzalayıb. Məşqçilər – Elnur Çodarov, Kamil Qafarov, Vüsal Qarayev və Xəyal Qarayev də növbəti mövsümün sonuna qədər bu komandada çalışmağa davam edəcəklər.
Xatırladaq ki, Ayxan Abbasov bu mövsümün əvvəlində – 2024-cü ilin yayında “Şamaxı”ya baş məşqçi təyin edilmişdi. 43 yaşlı mütəxəssisin bu klubla əvvəlki sözləşməsinin müddəti cari mövsümün sonunda bitəcəkdi.
“Şamaxı” Ayxan Abbasovun rəhbərliyi altında bütövlükdə 29 oyuna çıxıb, 8 qələbə, 7 heç-heçə və 14 məğlubiyyət görüb. Əyalət təmsilçisi hazırda Azərbaycan Premyer Liqasında 27 oyuna topladığı 28 xalla 10 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb. Komanda bu oyunlarda 7 qələbə, 7 heç-heçə, 13 məğlubiyyət görüb.
Ayxan Abbasov daha öncə “Sumqayıt”, “Zirə” və “Turan Tovuz”a da rəhbərlik edib. Bir neçə gün öncə isə o, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinə baş məşqçi təyin olunub. Abbasov U-21 millimizlə yanaşı əyalət təmsilçisindəki işini də davam etdirəcək.


