“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 28-ci turunda “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib. Arena.az xəbər verir ki, o, 2:3 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Üzücü məğlubiyyət oldu. Oyuna tamam başqa cür hazırlaşmışdıq. Həm oyun, həm də zədə baxımından arzulamadığımız məqamlar oldu. Siyanda Xulunun milli komandanın düşərgəsindən gec gəlməsi, Tərlan Quliyevin xəstə olması, Piruzi Marakvelidzenin zədələnməsi planlarımızı dəyişdi. Rəqib də bu gün bizdən daha aqressiv və istəkli idi. Halbuki qollarımızı vurmuşduq, daha diqqətli olmalıydıq. İkinci hissədə penalti və ondan sonraki ani səhv oyunu tam dəyişdi. Dəyişiklik etsək də, məğlubiyyətdən qaça bilmədik. Dördüncü dövrə çox çətin keçəcək. Hər kəs xal ehtiyatını artırmağa çalışacaq. Aşağı pillələrdə gərgin mübarizə gedir. Hansı ki, biz də burada qərarlaşmışıq. Qarşıdan gələn oyuna hazırlaşmalıyıq. Evdə məğlub olmağımız bizi çox üzür”.
“Sumqayıt”ın baş məşqçisi Samir Abasov isə uğursuz gedişata son qoyduqları bu çətin səfər oyunundan sonra bunları dilə gətirib:
“Komandamı təbrik edirəm. Həddən artıq möhkəm komandaya qarşı oynadıq. Mübarizəyə bu qədər önəm verən rəqibə qarşı səfərdə oynamaq çox çətindir. Bu mövsüm ən yaxşı oyunlarımızdan birini keçirdik. Hesabda geriyə düşməyimizə baxmayaraq, futbolçular intizamı qoruyub saxladılar, oyundan qopmadılar. Yaxşı oyunla qələbə qazandıq. Son mərhələyə daxil olmuşuq. Qalan 8 oyunun hər biri bizim üçün çox önəmlidir”.


