Ayxan Abbasov: “Fransa ilə oyunda əzmkarlıq vacib idi”

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov Fransa yığmasına qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, Azərbaycan və Fransa yığmaları bu gün DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Parisdə üz-üzə gəliblər.

Millimiz qarşılaşmanın yekununda 0:3 hesablı məğlubiyyətə üzülüb. Ayxan Abbasov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Oyunun çətin keçəcəyini bilirdik. Fransa yığmasının necə ciddi hazırlaşdığını da görürdük. Üstəlik, azarkeş dəstəyi də var idi. Rəqibin ilk dəqiqələrdəki pressinqinə hazır idik. Birinci hissənin son dəqiqələrində qol buraxmasaydıq, ikinci hissədə bəlkə daha yaxşı olardı. İstənilən halda, bu oyunda göstərdikləri əzmkarlığa görə futbolçularımıza təşəkkür edirəm. Bu, mənim üçün çox vacib idi. Belədə getdikcə rahat olacaq.

Bizi üç gündən sonra daha bir ağır matç gözləyir. Artıq Ukrayna ilə qarşılaşmaya hazırlaşacağıq. Təbii ki, vaxt az olduğu üçün çətinlik olacaq. Amma heyətimiz genişdir, digər oyunçularımız da hazırdırlar”.

Qeyd edək ki, millimiz növbəti matçını oktyabrın 13-də Polşanın Krakov şəhərində Ukrayna yığmasına qarşı keçirəcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: