“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 31-ci turunda “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, o, 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:
“Stressli, maraqlı, sürətli oyun idi. Azarkeşlərimizin dəstəyi möhtəşəm idi. Onlara təşəkkür edirəm. Evdə qələbə qazanmaq istəyirdik. İstədiyimiz qələbə idi. Amma çətin oldu. Meydanda yaxşı mübarizə getdi. Növbəti matçlarda yüksək motivasiya ilə oynamalıyıq. Bizdən yuxarıda olan komandalara çata bilərik. “Şamaxı”nın istəyinə çatacağına inanırdıq. Gələn il daha yaxşı olmaq üçün bu oyunlar vacibdir”.
Ayxan Abbasov hücumçu Maykl Tuikin qırmızı vərəqə almasına da münasibət bildirib:
“Bir hücumçu ilə çempionat oynamaq böyük riskdir. Xallar başqa cür olsaydı, bizim üçün çox çətin olardı. Hansısa taktiki dəyişiklik edə bilərik. Ola bilər ki, gənc futbolçu Elmar Məmmədova şans verək. Bəlkə də Tuiki əvəzləməyə gecikdik. Brahim Konate ilə Tuikin sarı vərəqəsi var idi. Nəsə fikirləşəcəyik”.
Ayxan Abbasov növbəti turda qarşılaşacaqları “Turan Tovuz”la oyundan gözləntilərini də açıqlayıb:
“Turan Tovuz”un motivasiyası yüksəkdir. Evdə oynayırlar, 3-cü yer şansları var. Çox çətin oyun olacaq. “Turan Tovuz”la əvvəlki 3 matçın heç birində pis oynamamışıq. Meydanda kim olacaqsa, əlindən gələni edəcək. Futbolçularıma inanıram”.
“Şamaxı”nın baş məşqçisi legionerlərlə yeni müqavilə barədə danışıqlardan da söhbət açıb:
“Bir neçə futbolçumuzun müqaviləsi davam edir. Digər oyunçularla da danışıqlar aparırıq. Bəzi futbolçuların təklifləri var. Bizim də büdcəmiz bəllidir. Bizdən başqa hamının rəsmi də olmasa, dəstəyi var. Gənc futbolçularla danışırıq. Tək uğurumuz Premyer Liqada qalmaq deyil, gənclərə də şans veririk. Onlara şans verərkən riski gözümüzün qabağına gətiririk”, deyə Ayxan Abbasov vurğulayıb.
“Heyfslənmək bizə bir şey verməyəcək” – Azər Bağırov
“Kəpəz”in baş məşqçisi Azər Bağırov isə komandasının məğlubiyyətinə belə aydınlıq gətirib:
“Oyuna itkilərlə gəlmişdik. Bir neçə futbolçumuz zədəli və cəzalı idi. Rəqib bir səhvimizdən istifadə edib önə keçdi. Şanslarımız olsa da, dəyərləndirə bilmədik. Bu gün rəqibə elə də çox şans vermədik. Belə oyunlarda psixoloji təzyiq çox olur. Yüz faizli iki epizodumuz oldu. Yəqin ki, bu gün bizim günümüz deyildi. İrəliyə baxmaq və çox çalışmaq lazımdır. Heyfslənmək bizə bir şey verməyəcək. Səhvlərdən nəticə çıxarmaq lazımdır.
Zədəlilərdən Mahamadu Banın növbəti oyunlarda sıraya qayıdacağı dəqiqdir. Rauf Hüseynlinin qayıtmaq ehtimalı 50/50-dir”.


