Növbəti mövsümdən Premyer Liqada mübarizə aparacaq “Turan Tovuz” yeni baş məşqçisi Ayxan Abbasov ilə münasibətlərini rəsmiləşdirib. Arena.az xəbər verir ki, bu gün Tovuz şəhər stadionunda PRO kateqoriyalı məşqçi ilə rəsmi müqavilə imzalanıb.
Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, imzalanma mərasimini giriş sözü ilə klubun mütəxəssisi Rasim Əliyev açıb.
O, tədbir haqda iştirakçılara ətraflı məlumat verib. Klubun Müşahidə Şurasının sədri Oqtay Abdullayev azarkeşləri salamladıqdan sonra baş məşqçi Ayxan Abbasovun seçimi haqda danışıb. O, gələcək planlar haqda da məlumat verib.
Baş məşqçi Ayxan Abbasov azarkeşlərin alqış sədaları altında tədbirə dəvət olunub. Bağlanmış 2+1 illik müqaviləyə imza atdıqdan sonra yeni baş məşqçi görüləcək işlər barəsində hesabat təqdim edib. Sonda azarkeşlərin suallarını cavablandıran gənc mütəxəssis fanatlarla xatirə şəkli çəkdirib.
Yeri gəlmişkən, “Turan Tovuz”un yeni mövsümə hazırlıq planı da müəyyənləşib. Komandanın yeni baş məşqçisinin verdiyi məlumata görə, Tovuz təmsilçisi iyunun 20-dən doğma meydanda təlim-məşq toplanışına başlayacaq. 6 günlük hazırlıq prosesi zamanı Tovuz klubunun ötən mövsüm Birinci Divizionda çıxış etmiş futbolçuları və bir neçə klubun gənc oyunçuları sınaqdan çıxarılacaq. Baş məşqçi bildirib ki, daha sonra alınsa, qonşu ölkələrdən birində toplanış və yoxlama görüşləri keçirməyə çalışacaqlar. Abbasov transferlərin də olacağını, lakin bunun üçün büdcənin müəyyənləşməsinin zəruriliyini vurğulayıb:
“Komanda 9 ildən sonra Premyer Liqaya qayıdır. Əlbəttə, büdcə artmalı, bilinməlidir. Çünki elitada oturuşmuş komandalar var. Onlarla mübarizə aparmalıyıq. Transfer etmək istəyiriksə, büdcəmizi bilməliyik. Bu yöndə apardığımız danışıqlar bir qədər vaxt apardı. Normal haldır”.
Yeni baş məşqçi Premyer Liqada uzun səfərlərin “Turan Tovuz”a maneçilik törətməyəcəyinə əminliyini ifadə edib: “Biz digər komandalardan fərqli olaraq, evdə keçirəcəyimiz hər oyundan sonra səfərdə olacağıq. Bu da normaldır. Çalışacağıq ki, futbolçuları nəzərə alaraq, oyundan ən azı bir gün əvvəl səfərlərə gedək. Amma inanıram ki, uzun yol bizə mane olmayacaq. Çünki bundan da uzaq səfərlər var. Futbolçular peşəkar olmalıdır”.


