Ayxan Abbasov “Turan Tovuz”la yeni müqavilə bağladı

Azərbaycan Premyer Liqasında mübarizə aparan “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov klubla yeni müqaviləyə imza atıb. Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, 42 yaşlı mütəxəssis daha üç il Tovuz komandasının sükanı arxasında olacaq. Amma bu üç ilin əvvəlki müqavilə bitəndən sonra, yoxsa bundan sonra üçün nəzərdə tutulduğu açıqlanmayıb.

Xatırladaq ki, Ayxan Abbasov mövsümün əvvəlindən “Turan Tovuz”da baş məşqçi işləyir. O, 2022-ci ilin iyun ayında 2+1 illik müqaviləyə imza atmışdı. Bu üzdən də gənc mütəxəssisin müqaviləsinin müddəti onsuz da bu mövsümün sonunda bitmirdi. Belə olan halda Abbasovla yeni müqavilənin bağlanmasının hansı zərurətdən yarandığı maraq doğurur. Böyük ehtimalla, Tovuz klubunun yeni sponsoru “Huner Group”un gəlişindən sonra Ayxan bəyin maaşına da müsbət mənada “əl gəzdirilib”. Bu üzdən də tərəflər yeni anlaşmaya ehtiyac duyublar. Bunda baş məşqçinin məhdud büdcə ilə ortabab bir komanda formalaşdırmağa nail olmasının da rolu böyükdür. Hər halda böyük əksəriyyət bu komandanın autsayderlərdən biri olacağını düşünsə də, tovuzlular Premyer Liqada 25 oyuna topladıqları 26 xalla 10 iştirakçı arasında 6-cı pillədə qərarlaşıblar.

Xatırladaq ki, Abbasov bu mövsüm “Turan Tovuz”u bütövlükdə 28 oyuna çıxarıb. Komanda bu görüşlərdə 9 qələbə qazanıb, 6 heç-heçə edib və 13 məğlubiyyətə üzülüb.

A.Abbasov daha öncə “Zirə” və “Sumqayıt”da da baş məşqçi kimi çalışıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: