Azər Məmmədov: “Bəzi mövqelərdə güclənməyə ehtiyacımız var”

“Kəpəz”in baş məşqçisi Azər Məmmədov yeni mövsümə hazırlıq çərçivəsində ötən gün “Qəbələ”yə qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

Arena.az xəbər verir ki, Qəbələdə baş tutmuş bu görüşdə Gəncə təmsilçisi 1:2 hesabıyla məğlub olub.

Azər Məmmədov klubun mətbuat xidmətinə açıqlamasında həm hazırlıq prosesini, həm də ilk yoxlama oyununu şərh edib:

“Premyer Liqaya hazırlıq dövrünün ilk mərhələsinin yekununda “Qəbələ” ilə yoxlama oyunu keçirdik. Qarşılaşmanın birinci hissəsində əsas heyət üzvlərinə şans verdik. Futbolçular çalışdılar, tapşırıqları yerinə yetirməyə cəhd göstərdilər və ümumilikdə pis təsir bağışlamadılar.

Qarşıda bizi daha bir neçə yoxlama görüşü gözləyir. Məqsədimiz oyundan-oyuna inkişaf etmək, çatışmazlıqları aradan qaldırmaq və komandanın oyununu daha da təkmilləşdirməkdir. Bu matç göstərdi ki, bəzi mövqelərdə güclənməyə ehtiyacımız var. Həmin mövqelərə uyğun futbolçuların transferi istiqamətində iş aparırıq. İnanıram ki, heyəti tam formalaşdırdıqdan sonra istədiyimiz komandanı quracağıq.

İkinci hissədə isə gənc futbolçulara, akademiyamızın yetirmələrinə şans verdik. Onlardan bəziləri əsas komandanın heyətində ilk dəfə meydana çıxırdılar. Təbii ki, həyəcan hiss olunurdu və bu, normaldır. Buna baxmayaraq, onlar özlərini yaxşı tərəfdən göstərməyə çalışdılar”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: