Azərbaycan kubokunda son 6 mövsümün rekordu və 2 yubiley

Futbol üzrə Azərbaycan kubokunda 1/4 finalın ilk oyunlarında qapılara 13 qol vurulub. Arena.az xəbər verir ki, bu, son 6 mövsümün rekordudur.

1/4 finalın ilk matçlarında daha çox qolun vurulmasına sonuncu dəfə 2016/17 mövsümündə təsadüf olunub. Həmin vaxt 4 görüşdə 14 qol vurulub.

Bu mərhələnin qarşılaşmaları üçün mütləq rekord isə 2006/07 mövsümündə qeydə alınıb. 1/4 finalın 2007-ci ildə baş tutan ilk oyunlarında 17 qol qeydə alınıb.

Xatırladaq ki, ötən mövsüm bu rəqəm 8-ə bərabər olub.

“Qarabağ”ın 75-ci ev sınağı

“Qarabağ” Azərbaycan kubokunda 75-ci ev oyununu keçirib. Ağdam klubunun yubileyi 1/4 finala təsadüf edib. “Qəbələ” ilə qarşılaşmada 2:2 hesabı qeydə alınıb.

1993-cü ildən kubokda çıxış edən “Qarabağ” 75 oyunda 58 qələbə qazanıb, 12 heç-heçə edib və 5 dəfə uduzub.

Qeyd edək ki, ağdamlılar kubokda ilk ev görüşünü 1993-cü ilin 1/32 finalında keçirib. “Qarabağ” Şəki təmsilçisi “Gənclik”lə qarşılaşıb və 3:1 hesablı qələbə qazanıb.

“Kəpəz”in 30-cu məğlubiyyəti

“Kəpəz” Azərbaycan kubokunda 30-cu məğlubiyyətini alıb. Gəncə təmsilçisi 1/4 finalın ilk matçında “Turan Tovuz”a 1:2 hesabıyla uduzub.

Turnirdə 103-cü görüşünə çıxan “Kəpəz” 58 qələbə qazanıb və 15 dəfə heç-heçə edib. Qərblilər 13 dəfə evdə, 17 dəfə səfərdə uduzub.

Qeyd edək ki, “Kəpəz”in ilk məğlubiyyəti Tovuzun digər klubu “Turan”la matça təsadüf edib. 1992-ci ildə 1/8 finalın görüşündə gəncəlilər səfərdə 0:1 hesablı məğlubiyyətə üzülüblər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: