Bu gün futbol üzrə Azərbaycan millisi dünya çempionatının (DÇ-2026) seçmə mərhələsi çərçivəsində növbəti matçına çıxacaq.
Arena.az xəbər verir ki, seçmə mərhələnin D qrupunda qərarlaşmış millimiz 3-cü tur çərçivəsində Fransa yığması ilə üz-üzə gələcək.
Paris şəhərindəki “Park de Prens” stadionunda təşkil ediləcək qarşılaşmaya Bakı vaxtı ilə saat 22:45-də start veriləcək. Görüşü Norveçdən olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Rohit Saqqi olacaq. Ona yan xətt hakimləri Yorgen Ronninq Valstadsve və Ole Andreas Haukasen kömək edəcəklər. Dördüncü hakim funksiyasını Daniel Higraff yerinə yetirəcək.
Fransa yığması Azərbaycan millisi üçün tanış rəqibdir. Sözügedən komanda ilə indiyə qədər 2 oyun keçirmişik. Bunların hər ikisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində olub. 2004-cü ilin dekabr ayında Bakıda keçirilmiş ilk görüşdə fransızlar 2:0 hesabıyla qalib gəliblər. 1995-ci ilin sentyabr ayına təsadüf etmiş digər görüş isə Azərbaycan futbolunun tarixinə qara hərflərlə düşüb. Belə ki, millimiz Oserdə keçirilmiş həmin oyunda 0:10 hesabıyla uduzub. Bu üzdən də millimiz bu gün ən azından “Oser faciəsi”nin təkrarlanmamasına çalışacaq.
Azərbaycan millisi bu seçmə mərhələyə də uğursuz başlayıb. Komandamız ilk turda İslandiyaya səfərdə 0:5 hesabıyla uduzub. Məhz bu məğlubiyyətdən sonra AFFA rəhbərliyi Fernando Santosu postundan uzaqlaşdırmış və onu müvəqqəti olaraq Ayxan Abbasovla əvəzləmişdi. Yerli məşqçinin siftəsi Ukrayna yığması ilə oyuna təsadüf etmişdi. Komandamız Bakıdakı görüşdə 1:1 hesablı heç-heçəyə nail olmuşdu.
Məhz həmin heç-heçədən sonra Ayxan Abbasov millimizin baş məşqçisi təyin edilib. İndi gənc mütəxəssis uğurlu startın davamını gətirməyə çalışacaq.
Fransa yığması isə seçmə mərhələyə uğurlu başlayıb. Didye Deşamın rəhbərlik etdiyi kollektiv Ukrayna (2:0) və İslandiya (2:1) ilə oyunlardan qalib ayrılıb və hazırda 6 xalla vahid liderdir. Millimiz isə 1 xalla qrup sonuncusudur.
Qeyd edək ki, bu gün keçiriləcək D qrupunun digər oyununda İslandiya Ukrayna yığmasını qəbul edəcək.
DÇ-2026-nın seçmə mərhələsi
D qrupu
10 oktyabr
Fransa – Azərbaycan
Hakimlər: Rohit Saqqi, Yorgen Ronninq Valstadsve, Ole Andreas Haukasen, Daniel Higraff (Norveç).
VAR: Tom Harald Hagen (Norveç).
AVAR: Siqurd Krinqstad (Norveç).
Paris. “Park de Prens” stadionu. Saat 22:45.


