Azərbaycan millisinin ilkin heyəti açıqlandı – De Byazi 15 futbolçu çağırdı

Mayın 24-dən 27-dək futbol üzrə Azərbaycan millisinin Bakı şəhərində təlim-məşq toplanışı təşkil olunacaq. Arena.az xəbər verir ki, yığmamızın UEFA Millətlər Liqası çərçivəsində keçirəcəyi oyunlara hazırlıq prosesinə dəvət olunan futbolçuların siyahısı da müəyyənləşib.

Baş məşqçi Canni De Byazi Azərbaycan millisinin ilkin təlim-məşq toplanışına 15 futbolçu çağırıb. İtaliyalı mütəxəssis xaricdə forma geyinən milli üzvlərinə də dəvət göndərib.

Toplanışın növbəti mərhələsi mayın 29-da başlayacaq. Ayın 27-də Azərbaycan kubokunun finalında oynayacaq “Qarabağ” və “Zirə”nin də futbolçuları məhz həmin toplanışa dəvət olunacaq.

Azərbaycan millisi UEFA Millətlər Liqasında iyunun 3-də səfərdə Qazaxıstan, iyunun 6-da Serbiyada Belarus yığmaları ilə qarşılaşacaq. İyunun 10-da Bakıda Slovakiya millisini sınağa çəkəcək komandamız, iyunun 13-də yenə paytaxtda Belarusla üz-üzə gələcək.

İlkin heyətdə yer almış futbolçuların siyahısını təqdim edirik:

  1. Səlahət Ağayev – Sabah
  2. Emil Balayev – Turan (Qazaxıstan)
  3. Rəşad Əzizli – Səbail
  4. Höccət Haqqverdi – Sumqayıt
  5. Anton Krivotsyuk – Visla (Plotsk, Polşa)
  6. Azər Salahlı – Neftçi
  7. Bəxtiyar Həsənalızadə – Sabah
  8. Eddi İsrafilov – Neftçi
  9. Emin Mahmudov – Neftçi
  10. Aleksey İsayev – Sabah
  11. Anatoli Nuriyev – Sumqayıt
  12. Dmitri Nazarov – Ersgebirge (Almaniya)
  13. Namik Ələskərov – Bursaspor (Türkiyə)
  14. Renat Dadaşov – Tondela (Portuqaliya)
  15. Mahir Emreli – Dinamo (Zaqreb, Xorvatiya)

Qeyd edək ki, Dmitri Nazarov və Renat Dadaşov komandaya mayın 25-dən sonra qoşulacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: