Azarkeşlər PUA-ların köməyi ilə Messiyə sürpriz etdilər

Bakı vaxtı ilə yanvarın 19-dan 20-nə keçən gecə El Salvadorda “İnter Mayami” ilə El Salvador yığması arasında yoldaşlıq oyunu keçirilib.

Arena.az məlumat verir ki, 0:0 hesabı ilə başa çatmış oyundan əvvəl amerikan klubunun azarkeşləri komandanın kapitanı və lideri, argentinalı hücumçu Lionel Messi adına möhtəşəm bir səhnə nümayiş etdiriblər.

Azarkeşlər səmaya onlarla işıldayan pilotsuz uçuş aparatı qaldıraraq, argentinalı ulduzun göydə təsvirini qurublar. Bu təsvir Messinin qol vurduqdan sonra uğurunu qeyd etdiyi məqamı əks etdirib. Vurğulayaq ki, Messi qollarını bu tərzdə qeyd etməklə, futbolçu karyerasının ilk mərhələsində “Leo”nun böyük futbolçuya çevrilməsinə mühüm töhfə vermiş mərhum nənəsinin xatirəsini yad edir.

El Salvador yığmasına qarşı oyunda uzun müddətdən sonra ilk dəfə olaraq “Barselona”nın keçmiş futbolçuları: Lionel Messi, Luis Suares, Jordi Alba və Serxio Buskets birlikdə oyun keçiriblər.

Xatırladaq ki, “Leo” 2023-cü ilin yayında PSJ-dən azad agent qismində “İnter Mayami”yə keçib. Onun Amerikan kulubu ilə müddəti 2025-ci ilin dekabr ayına qədər qüvvədə olacaq müqaviləsi var.

Messi “İnter Mayami”nin heyətində bütövlükdə 14 oyuna çıxıb, 11 qol vurub, 5 assist edib. O, “vağlar”la ötən il Liqalar Kubokunun qalibi olub.

Messi hazırda kapitanı olduğu Argentina yığmasının heyətində 2005-ci il avqustun 17-də debüt edib. 18 il ərzində ulduz hücumçu yığmada 180 oyun keçirib, 106 qol vurub və 56 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə Leo yığmanın mütləq rekordçusudur. Argentinalı superulduz yığma ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının gümüş (2014), Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

Ötən il oktyabrın 30-da Messi karyerasında 8-ci “Qızıl top”a layiq görülüb. “Leo” daha öncə 2009, 2010, 2011, 2012, 2015, 2019 və 2021-ci illərdə “Qızıl top”un sahibi olmuşdu və bu mütləq rekorddur.

Həmçinin Messi bu il Argentinada ilin idmançısı seçilib və bu, “Leo”nun müvafiq mükafatla 4-cü təltifidir ki, bu göstərici yalnız Messiyə məxsus rekorddur.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: