“Bavariya” Erik Şupo-Motinq ilə yeni müqavilə bağladı

Almaniyanın “Bavariya” klubu hücumçusu Erik Şupo-Motinq ilə müqavilənin müddətini artırıb.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

32 yaşlı futbolçu ilə müddəti 2023-cü ilin yayına qədər olan sözləşmə imzalanıb.

Erik Şupo-Motinq 2020-ci ilin oktyabrından “Bavariya”nın uğurları üçün çalışır. PSJ-dən transfer edilən futbolçu həmin vaxt bir illik müqaviləyə imza atmışdı. O, geridə qalan mövsümdə “Bavariya”nın heyətində 32 oyuna çıxıb, 9 qol vurub.

Almaniyada anadan olmasına, bu ölkənin aşağı yaş qrupları üzrə yığmalarında oynamasına baxmayaraq, hücumçu Kamerun millisinin uğurları üçün çalışır. O, daha öncə “Hamburq”, “Nürnberq”, “Maynts”, “Şalke”, “Stok Siti” klublarında da forma geyinib.