Belaydi Pusi “Turan Tovuz”u “Şamaxı”ya dəyişdi

“Turan Tovuz”un albaniyalı hücumçusu Belaydi Pusi Tovuz təmsilçisindən ayrılaraq Premyer Liqanın digər klubu “Şamaxı”ya üz tutub.

Arena.az bu barədə “Şamaxı”nın mətbuat xidmətinə istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, albaniyalı hücumçu ilə 1 illik müqavilə imzalanıb.

Xatırladaq ki, Belaydi Pusi 2023-cü ilin yanvar ayından “Turan Tovuz”da çıxış edirdi. O, ötən mövsüm bu komandanın heyətində 34 oyuna 7 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub. Pusinin “Turan Tovuz” karyerası bütövlükdə 54 oyun, 7 qol və 6 assistdən ibarətdir.

Qeyd edək ki, Pusi “Turan Tovuz”da “Şamaxı”nın indiki baş məşqçisi Ayxan Abbasovun rəhbərliyi atlında çıxış edirdi. Bu yay Ayxan Abbasov da Tovuz klubunu “Şamaxı”ya dəyişib. Pusi də məhz Abbasovun istəyi ilə onun yeni komandasına cəlb olunub.

Pusi daha öncə “Skenderbeu” və “Vlajniya” kimi klublarda da forma geyinib.

Xatırladaq ki, “Şamaxı” daha öncə Adil Nağıyev (“Səbail”), Rafael Məhərrəmli (“Səbail”), İlkin Muradov (“Zirə”) və Rüfət Abbasovu (“Neftçi”) da transfer etmişdi. Rauf Rüstəmli “Sabah”dan icarəyə götürülüb. Ötən mövsümü “Səbail”də icarədə keçirmiş Bahadur Həziyev də “Şamaxı”ya qayıdıb. Səbayıl Bağırov, Abdulla Seydəhmədov və Emin Zamanovla da yeni müqavilə imzalanıb. Əkbər Vəliyev, Süleyman Damadayev, Elçin Qasımov, Əbil Əbilov, Əli Mürsəlov, İbrahim Aslanlı, Fuad Bayramov, Samir Məhərrəmli, Roman Hüseynov, Bəhruz Teymurov və Salman Ələsgərov isə “Şamaxı”nı tərk ediblər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: