Benito “Kəpəz”də! – Rəsmi

Kiprin “Akritas” klubunun cinah hücumçusu Olabiran Blessinq Muyiva (“Benito” kimi tanınır) bundan sonra “Kəpəz”in uğurları üçün çalışacaq.

Arena.az bu barədə Gəncə klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

27 yaşlı vinger “Kəpəz”ə azad agent kimi qoşulub. Tərəflər 1 illik müqaviləyə imza atıblar.

Benito Kot-d’İvuarda dünyaya göz açsa da, Nigeriya vətəndaşlığını da daşıyır. Nigeriyanın U-23 yığmasında da oynamış futbolçu karyerası ərzində “Saxan Qaqauz Yeri” (Moldova), “Lokomotiv” (Daşkənd, Özbəkistan), “Luç” (Minsk, Belarus), “Tambov” (Rusiya), “Dinamo” (Kiyev, Ukrayna), “Olimpik” (Donetsk, Ukrayna), “Qoritsa” (Xorvatiya), “Zarya” (Ukrayna) kimi klublarda forma geyinib. Nigeriyalı hücumçu son klubu “Akritas”ın heyətində 11 oyuna çıxsa da, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

“Kəpəz” bu yay Rojerio Santos, Vadim Abdullayev, Azuma Abubakar, Ürfan Abbasov, Kennet Kalunqa, Rafael Məhərrəmli, Viktor Stina, Hüseyn Babayev və Namiq Ələsgərovu da heyətinə qatıb. Əli Səmədov, Rəhman Hacıyev, Dioqo Verdaska, Ümid Səmədov və Elgün Bayramovla da yeni müqavilə imzalanıb. Rauf Hüseynli, Məmməd Hüseynov, Fərid Nəbiyev, Luis Paçu, Yusif İmanov, Camal Cəfərov, Ehtiram Şahverdiyev, Olavale Onanuqa və Ryonosuke Ohori isə komandanı tərk ediblər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: