“Sabah”ın baş məşqçisi Vasili Berezutski Azərbaycan Kubokunda “Qarabağ”a qarşı keçirəcəkləri final matçından gözləntilərini paylaşıb.
Arena.az xəbər verir ki, Masazır təmsilçisinin rusiyalı çalışdırıcısı oyundan öncə təşkil edimiş mətbuat konfransında bunları söyləyib:
“Bizi maraqlı oyun gözləyir. Kubokun final matçıdır. “Sabah” ilk dəfədir ki, finalda oynayır. Bu finalda heç-heçə olmayacaq, ya qalib gəlməlisən, ya da məğlub olmalısan. Gərgin, maraqlı oyun olacaq”.
Berezutski heyətlə bağlı ciddi problemin olmadığını vurğulayıb:
“Seymur Məmmədov zədəlidir. Qalan hər kəs düşərgədədir. Oyunun əhəmiyyətini bilirik. Bir aydır ki, bu matça hazırlaşırıq. Hər kəs qaydasındadır”.
Uğursuz nəticə olacağı təqdirdə, Berezutskinin komandadan göndəriləcəyi iddia edilir. Rusiyalı mütəxəssis buna da şərh verib:
“Bu, bizə heç bir təsir etmir. Hamımız kuboka köklənmişik. Bunları kubokun finalından sonra danışmaq olar. Düzü, mən mətbuatı oxumuram. Bu cür xəbərlər özümə təsir etmir. Bu barədə danışmaq üçün hələ tezdir. Təyin olunandan bir həftə sonra istefaya getməliydim. Gözləyək, sonra danışarıq bu barədə”.
Berezutski “Sabah”a gəldikdən sonra paytaxt təmsilçisi “Qarabağ”a uduzmayıb. Rusiyalı mütəxəssis bunu final öncəsi psixoloji üstünlük hesab edib-etmədiyi barədə sualı belə cavablandırıb:
“Qarabağ” da motivasiyalı olacaq. Onlar üçün də önəmli oyundur. Şanslar bərabərdir. Amma məncə, “Qarabağ” favorit sayılır. Buna baxmayaraq, güllə açılmamış yıxılmaq lazım deyil. Futbolçu və məşqçi kimi eyni hissləri keçirirəm. Öz gücünü meydanda verməlisən. Qələbə üçün əlindən gələni etməlisən. Qalib də gələ bilərik, uduza da bilərik. Necə olacağını finalda görəcəyik”.
“Sabah”ın kapitanı Pavol Şafranko da final matçından öncə keçirilmiş mətbuat konfransında iştirak edib. Slovakiyalı hücumçunun fikirlərini diqqətinizə çatdırırıq:
“Bizi çox böyük oyun gözləyir. Hər iki komanda üçün maraqlı oyun olacaq. İlk dəfə finalda oynayacağıq. Hər kəsə söz verirəm, əlimizdən gələni edəcəyik ki, kuboka sahib çıxaq. Hamı oyundan həzz alacaq. Hər titul önəmlidir. Yaş ötdükcə bunu hiss edirsən. Bütün titullar mənim üçün eynidir”.


