“Beşiktaş” Azərbaycanda bu klubla yoldaşlıq matçı keçirmək istəyir

Türkiyənin “Beşiktaş” komandasının Azərbaycanda hansı klubla xeyriyyə məqsədli yoldaşlıq görüşü keçirmək istəməsinə aydınlıq gəlib. Arena.az xəbər verir ki, Super Liqa təmsilçisinin əvvəldən güman edildiyi kimi, “Qarabağ”la yox, “Sabah”la danışıq aparır.

Bu barədə İstanbul təmsilçisinin baş məşqçisi Şenol Güneş Türkiyə mətbuatına açıqlamasında məlumat verib:

“Milli komandaların oyunlarına görə yaranacaq fasilə dönəmində yoldaşlıq matçları keçirmək istəyirik. Bu boşluqda “Ümraniyəspor” ilə bazar günü yoxlama oyunu keçirəcəyik. Daha öncə Azərbaycan komandası ilə danışırdıq. Tarixi tam dəqiqləşməyib. Biz 21-24 mart aralığında olmasını istədik. Onlar ayın 25-də keçirilməsini istədilər. Bundan başqa boş həftələrdə “Girəsunspor” və “Başakşəhər”lə də qarşılaşmağımız mümkündür”.

“Sabah” klubundan da bu məlumatı təsdiqləyiblər. Klubun mətbuat xidmətindən verilən məlumata görə, hazırda “Beşiktaş”la danışıqlar davam edir. Tərəflər bu ay da olmasa, aprel ayında xeyriyyə məqsədi ilə bir yoldaşlıq oyunu keçirməkdə maraqlıdırlar. Oyunun Bakıda keçirilməsi gözlənilir. Dəqiq tarix və matçın harada keçiriləcəyinə yaxın zamanlarda aydınlıq gəlməsi gözlənilir. Əldə olunacaq bütün gəlirlərin Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcəyi ehtimal olunur.

Xatırladaq ki, daha əvvəl “Qarabağ”ın “qara qartallar”la Bakıda yoldaşlıq matçı keçirəcəyi barədə xəbərlər dolaşırdı. Lakin Ağdam klubu Super Liqanın digər təmsilçisi “Qalatasaray”la razılığa gəlib. Bu iki komanda martın 26-da Bakı Olimpiya Stadionunda üz-üzə gələcəklər. Bu oyuna saat 20:00-da start veriləcək. Qarşılaşmadan əldə olunacaq bütün gəlir Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: