“Bodrumspor” – “Eyüpspor” matçında ara qarışdı, Arda yaralandı

Futbol üzrə Türkiyə Birinci Liqasının 2023/2024 mövsümünün 25-ci turunun “Bodrumspor” – “Eyüpspor” matçında qalmaqal yaşanıb.

Arena.az xəbər verir ki, yerli azarkeşlərin qonaq komandaya qarşı aqressiv davranışı ciddi olaylara səbəb olub.

Hər şey 45-ci dəqiqədə “Bodrumspor”un baş məşqçisi İsmət Taşdəmirin hakim Gürcan Hasovun qərarına etiraz etməsi nəticəsində qırmızı vərəqə alaraq meydandan qovulmasıyla başlayıb. Bu, bir anda oyundakı gərginliyi artırıb. Azarkeşlər stadiona yad cisimlər atmağa başlayılar. Məhz yad əşyaların atılması nəticəsində qonaq komandanın baş məşqçisi Arda Turan və futbolçu Uğur Demirok yaralanıblar. Uğur həkimlərin ilkin müdaxiləsindən sonra xəstəxanaya aparılıb.

Azarkeşləri sakitləşdirmək üçün hər iki klubun prezidenti – Fikrət Öztürk və Murat Özkaya meydana çıxıblar. Baş verənlərlə əlaqədar oyunda təxminən 15 dəqiqə fasilə yaranıb. Azarkeşləri sakitləşdirdikdən sonra sonra oyun davam edib. Amma matçın qalan dəqiqələri də kifayət qədər gərgin keçib.

Belə ki, 55-ci dəqiqədə “Eyüpspor”un kapitanı Caner Erkin qırmızı vərəqə alaraq oyundan çıxıb. 81-ci dəqiqədə qonaqların baş məşqçisi Arda Turan da texniki zonadan uzaqlaşdırılıb. 90+5-ci dəqiqdə isə “Bodrumspor”un kapitanı Keman Özer 2-ci sarı vərəqə aldığı üçün meydanı erkən tərk etmək məcburiyyətində qalıb.

Qeyd edək ki, “Bodrumspor” – “Eyüpspor” oyunu qonaqların 1:0 hesablı səfər qələbəsiylə yekunlaşıb. Matçdakı yeganə qolu 12-ci dəqiqədə Fredi vurub.

Bu oyundan sonra “Eyüpspor” Birinci Liqada 61 xalla liderlik kürsüsündədir. “Bodrumspor” isə 42 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Bahar Rüstəmzadə