Türkiyənin “Bodrumspor” komandası növbəti – 2024/2025 mövsümündən etibarən Super Liqada mübarizə aparmaq hüququ qazanıb.
Arena.az xəbər verir ki, növbəti mövsümdə Türkiyə Super Liqasında çıxış edəcək sonuncu klub bu gün müəyyənləşib.
Super Liqaya vəsiqə uğrunda keçirilən pley-off mərhələsinin final matçında “Sakaryaspor”la qarşılaşan Bodrum təmsilçisi inamlı qələbəyə sevinib. Görüşdə hesabı bodrumlular açsa da, Sakarya təmsilçisi ikinci hissədə bərabərlik qolunu vurmağı bacarıb. Əlavə vaxtda daha iki qol vuran Bodrumun eyniadlı təmsilçisi elitaya yüksəlib.
Bununla da “Bodrumspor” tarixində ilk dəfə Türkiyə Super Liqasında mübarizə aparacaq. Komanda 1931-ci ildə yaradılmasına baxmayaraq, uzun müddət həvəskarlar arasında yarışıb. Bu kollektiv yalnız 2015-ci ildən etibarən mütəmadi olaraq üçüncü liqada mübarizə aparmağa başlayıb. 2017-ci ildə ilk dəfə ikinci liqaya yüksələn Bodrum təmsilçisi 2022-ci ildə birinci liqada debüt edib. Ötən il pley-offun finalında uduzan kollektiv nəhayət 2024-cü ildə tarixində ilk dəfə elitaya yüksəlməyi bacarıb.
Xatırladaq ki, daha öncə Birinci Liqanın çempionu “Eyüpspor” və 2-ci yeri tutmuş “Göztəpə” də Super Liqaya vəsiqə qazanmışdılar. Bu komandalar elitada 2023/2024 mövsümünü son pillələrdə başa vurmuş “Ankaragücü”, “Fatih Karagümrük”, “Pendikspor” və “İstanbulspor”u əvəz edəcəklər. 2024/2025 mövsümündə Super Liqada 20 yox, 19 komanda mübarizə aparacaq.
Super Liqaya vəsiqə uğrunda final matçı
30 may
“Sakaryaspor” – “Bodrumspor” 1:3
Qollar: Zdravko Dimitrov, 72 – Gökdeniz Bayraktar, 19. Andrey Çelustka, 94. Tunahan Akpınar, 103.
Qırmızı vərəqə: Rajko Rotman, 44 (“Sakaryaspor”).


