Budaq Nəsirov rəsmən “Turan Tovuz”da!

Son olaraq Lissabon “Sportinq”inin B komandasında oynamış Budaq Nəsirov 2 illik fasilədən sonra karyerasını bərpa edib.

Arena.az xəbər verir ki, hazırda 26 yaşı olan yarımmüdafiəçi “Turan Tovuz”la anlaşıb.

Bu barədə Tovuz klubunun mətbuat xidməti məlumat yayıb. Tərəflər 3 illik müqaviləyə imza atıblar.

Tovuz futbolunun yetirməsi olan Budaq Nəsirov “Turan”, “Sumqayıt”, “Araz Naxçıvan”, “Kəpəz” və “Zirə”də də çıxış edib. 2016-cı ilin iyul ayında Budaq Portuqaliyanın “Sportinq” klubuna transfer olunmuşdu. Amma o, bu klubun əsas komandasına düşə bilməmiş, əvəzedici heyətdə meydana çıxdığı 30 oyunla kifayətlənmişdi. O, həmin oyunlarda 1 qol da vurmuşdu. 2021-ci ilin yayında Portuqaliya klubunu tərk edəndən bəri Nəsirovdan xəbər yox idi. O, son aylarda məhz “Turan Tovuz”un düşərgəsinə qoşularaq bu komandada məşq edirdi.

Nəsirov Azərbaycanın aşağı yaş qrupları üzrə milli komandalarında, həmçinin əsas yığmamızda da forma geyinib. O, əsas millimizdə 1 oyun keçirib.

“Turan Tovuz” gu yay Fərid Nəbiyev, Aydın Bayramov, Sərtan Taşkın, Martin Petkov, Paçu, Otto Con və Brunaonu da heyətinə qatmışdı. Əyalət klubunda Kamal Bayramov, Tərlan Əhmədli, Tərlan Quliyev, Ayxan Hüseynov, Sadiq Quliyev, Eltun Turabov, Səbayıl Bağırov, Mehman Hacıyev, Faiq Hacıyev, Vüsal Məsimov, Piruz Marakvelidze və Belaydi Pusi ilə də yeni müqavilə imzalanıb.

Henri Okebuqvu, Turan Vəlizadə, Natan Oduva, Şakir Seyidov, Siyanda Xulu və Ehtiram Şahverdiyev isə komandanı tərk ediblər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: