Futbol üzrə Azərbaycan millisinin mərkəz müdafiəçisi Cəlal Hüseynov Bolqarıstanın “Arda” komandasının heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, Cəlalın komandası Bolqarıstan çempionatının 2025/2026-cı illər mövsümünün sonuncu – 36-cı turu çərçivəsində “Çerno More” ilə qarşılaşıb.
“Arda” səfərdə baş tutmuş bu oyundan qələbə ilə ayrılıb – 3:2. Hüseynov start heyətdə meydana çıxıb və 63-cü dəqiqədə əvəzlənib.
“Arda” 36 oyunda topladığı 54 xalla 16 iştirakçı arasında 6-cı yeri tutub. Komanda 15 qələbə qazanıb, 9 heç-heçə edib, 12 məğlubiyyətə üzülüb. “Arda” Avropa Konfrans Liqasına vəsiqə qazanmış Plovdiv “Lokomotiv”indən cəmi 1 xal geri qalıb.
Xatırladaq ki, “Zirə”nin yetirməsi olan Cəlal Hüseynov Bolqarıstan təmsilçisi ilə 2023-cü ilin iyun ayında 3 illik müqavilə imzalayıb. Azərbaycanlı futbolçu bu komandada 85 rəsmi oyuna çıxıb, 5 qol vurub. Cəlal 2024/2025-ci illər mövsümünü icarə əsasında “Şamaxı”da keçirsə də, ötən ilin yayında yenidən Bolqarıstan klubuna qayıdıb.
Hüseynov 2021-ci ilin noyabrında debüt etdiyi Azərbaycan milli komandasının heyətində 9 oyuna çıxsa da, məhsuldar fəaliyyəti ilə yadda qalmayıb.


