Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi AÇ-2024-ün seçmə mərhələsində Avstriyaya qarşı oyundan öncə fikirlərini bölüşüb.
Arena.az xəbər verir ki, italyan mütəxəssis bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:
“Ağır oyundan, uzun səfərdən gəlmişik. Bu gün ilk məşqimizi edəcəyik. Dünən ancaq bərpa məşqi etmişik. Sabahkı oyun çox çətin olacaq. Avstriya çox yaxşı komandadır. Bizimlə keçirdikləri ilk oyunla müqayisədə çox inkişaf ediblər, modern futbol oynayırlar. Ralf Ranqnik yaxşı futbol oynadır. Onların Belçika matçındakı nəticəsi aldadıcı ola bilər. Avstriya Belçikadan daha yaxşı oynadı.
İlk matçda da fikirləşirdim ki, nəticə fərqli olacaq. Amma 1:4 uduzduq. 0:2-dən sonra lazımsız səhvlərə yol verdik, rəqibin işi asanlaşdı. Komanda kimi inkişaf edirik, 14 matçda 7 qələbə qazanmışıq. Sabah da yaxşı nəticə qazanmağa çalışacağıq. Avstriyanın heyətində 5 futbolçu yoxdur, amma vacib oyunçuları var”.
Canni De Byazi azarkeşləri milliyə dəstək olmağa da çağırıb:
“Sabah azarkeşlər gəlib, bizə kömək etsələr, 12 nəfərlə oynayacağıq. Gəlməsələr, 11 nəfər olacağıq. Stadionda azarkeş çox olanda, dəstək veriləndə gözəldir. Çalışacağıq ki, yaxşı nəticə qazanaq”.

Mətbuat konfransında iştirak edən millimizin kapitanı Emin Mahmudov da fikirlərini bölüşüb:
“Bizi yaxşı komandaya qarşı oyun gözləyir. Avstriya yığması intensiv futbol oynayır. İstəyirik ki, yaxşı nəticələri davam etdirək. Sabah meydana qələbə üçün çıxacağıq.
Bir-birimizə yaxın, çox sıx oynamalıyıq. Çünki rəqib yaxşı top saxlayır. Yaxşı ara ötürmələri verirlər. Arxada top itirməməliyik. Çalışacağıq ki, rəqibə çox şans verməyək. Avstriya çox yaxşı komandadır”.
Xatırladaq ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Avstriya oyununa saat 20:00-da start veriləcək.


