Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi İordaniya qarşı keçirəcəkləri beynəlxalq yoldaşlıq oyunundan əvvəl fikirlərini bölüşüb.
Arena.az xəbər verir ki, italiyalı mütəxəssis bu gün baş tutan mətbuat konfransında matça hazır olduqlarını bildirib:
“Belçikaya qarşı böyük oyundan sonra bütün diqqət sabahkı matça yönələcək. Belçikalılarla görüşü yaxşı keçirmişdik. İordaniya yığmasının da çıxışını izləmişəm. Maraqlı mübarizə olacaq. İordaniya kağız üzərində böyük səslənməsə də, yaxşı komandadır”.
Belçika ilə matçı bir daha xatırlayan çalışdırıcı 0:1 hesablı məğlubiyyətə baxmayaraq, komandasının həmin görüşdəki performasından razılıq bildirib: “Belçikaya uduzmağımızın səbəbi qarşımızda çox güclü rəqibin olması idi. Əllərinə düşən bir şansdan da yararlandılar. Buna baxmayaraq, komandamın çıxışından razı qaldım. Kollektiv şəkildə yaxşı oynadıq. Oktyabrdakı rəsmi görüşlər öncəsi sabah axşam bizi vacib test gözləyir. Gələn ay kimlərin heyətdə yer alıb-almayacağı da sabahkı qarşılaşmadan asılı ola bilər”.
Canni De Byazi rəqib qismində İordaniyanı seçmə səbəbini də açıqlayıb: “İordaniya çox yaxşı komandadır. FİFA reytinqində bizdən 40 pillə irəlidədirlər. Serbiya ilə oyunda öndə olsalar da, son anda məğlub oldular. Variantımız bu komanda idi, biz də seçdik”.

Emin Mahmudov: “Bu mövsüm çox qol şanslarım olmur”
Millimizin kapitanı Emin Mahmudov da İordaniya yığmasına qarşı oyundan əvvəlki mətbuat konfransında iştirak edib. Təcrübəli futbolçu İordaniya ilə görüşə ciddi hazırlaşdıqlarını vurğulayıb:
“Yoldaşlıq matçı olsa da, əsas məqsədimiz oktyabrdakı oyunlara qədər bir-birimizi daha yaxşı başa düşməkdir. Onun üçün hazırlaşırıq. Sabah qələbə qazanmaq istəyirik. İordaniyanın sürətli əks-hücumları var. Biz isə öz oyunumuzu göstərib, qələbə qazanmaq istəyirik”.
31 yaşlı yarımmüdafiəçi üç gün əvvəl AÇ-2024-ün seçmə mərhələsində Belçikaya 0:1 hesabı ilə məğlub olduqları qarşılaşmanın əvvəllərində qaçırdığı qol şansını da xatırlayıb:
“Belçika ilə oyundan sonra səhərə kimi həmin epizodu düşündüm. P epizodda qol vurmalı idim. Açığı, elə bildim ki, rahat vuracağam. Həmin rahatlıq, bəlkə də, məni çaşdırdı”.
Emin Mahmudov bu mövsüm yaxşı formada olmaması ilə bağlı fikirlə razılaşmayıb: “Ötən mövsüm çox qol vurduğum üçün diqqət çəkirdim. Bu mövsüm çox qol şanslarım olmur. Sadəcə, klubumda təzə baş məşqçiyə uyğunlaşıram. Onun istəklərini yerinə yetirməyə çalışıram. Son oyunumda assist etdim. Bəlkə bunun mənə köməyi dəyər”.
Hüsseyn Ammuta: “Bakıdan yaxşı nəticə ilə qayıtmaq istəyirik”
İordaniya millisinin baş məşqçisi Hüsseyn Ammuta da bu gün Bakıda jurnalistlərlə görüşüb və matçdan öncə düşüncələrini dilə gətirib. 54 yaşlı mütəxəssis sabahkı görüşə hazırlaşmaq üçün çox vaxtlarının olmadığını vurğulayıb:
“Norveçlə qarşılaşmadan sonra Azərbaycanla matça hazırlaşmaq üçün cəmi iki məşq keçmək imkanımız oldu. Bilirik ki, Azərbaycan Avropanın güclü komandalarından biri deyil. Buna baxmayaraq, rəqibə hörmətlə yanaşırıq. Azərbaycan yaxşı futbol oynayan komandalardan biridir. Sabahkı matçda yaxşı nəticə qazanıb, təlim-məşq toplanışını uğurlu bitirmək istəyirik”.
O, “Qəbələ”nin yarımmüdafiəçisi Omar Haninin yığmadan kənarda qalmasına da münasibət bildirib: “Omar Hanini izləyirik. Növbəti toplanışlarda milliyə çağırıla bilər. Daha çox sabahkı oyuna köklənirik. Rəqibimizin son dörd görüşünü izləmişik. Sabahkı qarşılaşmada da yaxşı nəticə qazanaraq geri qayıtmaq istəyirik”.
Xatırladaq ki, sabah keçiriləcək Azərbaycan – İordaniya matçına saat 20:00-da start veriləcək.


