Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin daha 9 oyunu keçirilib. Arena.az xəbər verir ki, günün ilk iki qarşılaşması Bakı vaxtı ilə saat 20:00-da başlayıb.
Azərbaycan çempionu “Neftçi” Gürcüstanda Tiflis “Dinamo”sunun, Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Polşa “Legiya”sı isə Norveçdə “Bude Qlimt” klubunun qonağı olub. “Neftçi” səfər oyunundan çətin qələbə ilə ayrılıb. Elə Mahirin komandası da səfərdən qələbə ilə dönüb. Özü də Polşa çempionunun iki qolunu məhz azərbaycanlı hücumçu vurub. Yığmamızın forvardı 41 və 61-ci dəqiqələrdə qol vurub. Bu, onun “Legiya”dakı ilk rəsmi oyunu idi.
Günün digər oyunlarında Bratislava “Slovan”ı, Zaqreb “Dinamo”su, “Lüdoqorets”, “Şerif” və “Malmö” də qələbəyə sevinən tərəf olub. İki oyunda isə qalib müəyyənləşməyib. İsrail çempionu “Makkabi” Qazaxıstan “Kayrat”ı ilə heç-heçəyə razılaşıb. Ermənistan “Alaşkert”i də Uels çempionu ilə səfər matçından bərabərliklə dönüb.
Qeyd edək ki, Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin cavab oyunları 13-14 iyulda keçiriləcək.
UEFA Çempionlar Liqası
1-ci təsnifat mərhələsinin ilk oyunları
7 iyul
Dinamo (Tiflis, Gürcüstan) – Neftçi (Azərbaycan) 1:2
Bude Qlimt (Norveç) – Legiya (Polşa) 2:3
Slovan (Bratislava, Slovakiya) – Şemrok Rovers (İrlandiya) 2:0
Dinamo (Zaqreb, Xorvatiya) – Valyur (İslandiya) 3:2
Lüdoqorets (Bolqarıstan) – Şaxtyor (Soliqorsk, Belarus) 1:0
Makkabi (Hayfa, İsrail) – Kayrat (Qazaxıstan) 1:1
Teuta (Albaniya) – Şerif (Moldova) 0:4
Malmö (İsveç) – Riqa (Latviya) 1:0
Konnas-Ki Nomads (Uels) – Alaşkert (Ermənistan) 2:2


