Ceymi Karrager: “Karlo Ançelotti futbolda bir əfsanədir”

İngiltərənin “Liverpul” klubunun sabiq müdafiəçisi Ceymi Karrager Madrid “Real”ının baş məşqçisi Karlo Ançelotti haqda danışıb.

Arena.az ingilis futbol adamının italyan mütəxəssis haqda fikirlərini təqdim edir:

“O, xüsusi bir insandır. Düşünürəm ki, o, məşqçi və futbolçu kimi Çempionlar Liqasını 7 dəfə qazanmış ilk şəxsdir. Bunu heç nə ilə ört-basdır etmək olmaz. O, sadəcə olaraq futbolun əfsanəvi şəxsiyyətidir”, deyə Ceymi Karrager bildirib.

Xatırladaq ki, Karlo Ançelotti 2021-ci ilin iyul ayından “Real”a rəhbərlik edir. 64 yaşlı italyan mütəxəssis 2013-2015-ci illərdə də Madrid təmsilçisini çalışdırıb. O, daha sonra 2021-ci ildə “kral klubu”na geri qayıdaraq, indiyədək “qaymaqlılar”a rəhbərlik edir. Karlo Ançelottinin İspaniya nəhəngi ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Təcrübəli mütəxəssisin rəhbərliyi altında “Real”ın qazındığı qalibiyyətlərə İspaniya La Liqası (2021/2022, 2023/2024), İspaniya Kral Kuboku (2013/2014, 2022/2023), İspaniya Super Kuboku (2021/2022, 20223/2024), Çempionlar Liqası (2013/2014, 2021/2022, 2023/2024), UEFA Super Kuboku (2014, 2022) və FIFA Klub Dünya Kuboku (2014, 2022) daxildir.

Karlo Ançelottinin məşqçilik məktəbindən həmçinin “Everton”, “Napoli”, “Bayern”, PSJ, “Çelsi”, “Milan”, “Yuventus”, “Parma” keçiblər.

Xəbəri sosial şəbəkələrdə paylaş: