Ceyms Trafford satıldı, “Mançester Siti” bu qədər qazandı

İngiltərənin U-21 yığmasının və “Mançester Siti”nin qapıçısı Ceyms Trafford Premyer Liqanın digər təmsilçisi “Börnli”yə keçib.

Arena.az xəbər verir ki, bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar.

“Börnli” bu transfer üçün “şəhərlilər”ə 17,3 milyon avro ödəyəcək. 20 yaşlı qapıçı ilə 4 illik müqavilə imzalanıb.

Ceyms Trafford “Mançester Siti”nin öz yetirməsi olsa da, klubun əsas komandasında debüt şansı qazanmayıb. O, son mövsümləri icarə əsasında “Akkrinqton Stenli” və “Bolton Uonderers”də keçirib.

“Mançester Siti” digər gənc oyunçuları – Kallum Doyl ilə İssa Kaboreni də icarəyə verib. “Mançester Siti”nin öz yetirməsi olan Kallum Doyl qarşıdakı mövsümü “Lester Siti”də keçirəcək. 19 yaşlı mərkəz müdafiəçisi hələ “şəhərlilər”in əsas komandasında debüt etməyib. Bu üzdən də ingilis futbolçu daha öncə “Koventri Siti” və “Sanderlend”də də icarədə olub. O, İngiltərənin U-20 yığmasına dəvət alır.

Burkina Fasodan olan 22 yaşlı Kabore isə Premyer Liqanın yeni iştirakçısı “Luton Taun”a keçib. Sağ cinah müdafiəçisi də qarşıdakı mövsümün sonuna kimi icarədə olacaq. Daha öncə “Rahimo” və “Mexelen”də oynamış müdafiəçi 2020-ci ildə “Mançester Siti”yə gəlsə də, bu komandada forma şansı qazanmayıb. Bu üzdən də o, “Mexelen”, “Trua” və “Olimpik” (Marsel) klublarına icarəyə verilib. Müdafiəçi Burkina Faso yığmasında da 3 oyun keçirib.

Yeri gəlmişkən, “Luton Taun” “Aston Villa”nın dayaq yarımmüdafiəçisi Marvelus Nakambanı da heyətinə qatıb. Zimbabvedən olan 29 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb. O, 2019-cu ildən formasını geyindiyi “Aston Villa”da 68 oyun keçirib. Təcrübəli futbolçu “Vitess”, “Nansi”, “Brügge” kimi klublarda da forma geyinib. Ötən mövsümün ikinci dörvəsində isə o, məhz “Luton Taun”da icarədə olub.

“Beşiktaş”dan ayrılan futbolçu yenidən Premyer Liqada!

“Börnli” Ceyms Trafforddan əlavə, bu yay “Beşiktaş”dan azad agent kimi ayrılmış Natan Redmondu da heyətinə qatıb. 29 yaşlı sağ cinah vingeri ilə 2+1 illik müqavilə imzalanıb. O, ötən mövsüm “Beşiktaş”da 28 oyuna 6 qol və 6 məhsuldar ötürmə müəllifi olub. Yarımmüdafiəçi əvvəllər ölkəsində “Sauthempton”, “Norviç Siti”, “Birmingem Siti” kimi klublarda da forma geyinib. O, İngiltərə yığmasında da 1 oyun keçirib.

Xəbəri sosial şəbəkələrdə paylaş: