ÇL: “Sabah”ın əsas mərhələdəki rəqibləri bəlli olur

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2026/2027-ci illər mövsümünün Liqa mərhələsinin püşkü atılacaq.

Arena.az xəbər verir ki, Monakoda təşkil ediləcək püşkatma mərasiminə Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.

Mərasimdə Azərbaycan çempionu “Sabah”ın da rəqibləri müəyyənləşəcək. Monakodakı tədbirdə Azərbaycan çempionunu klubun prezdenti Maqsud Adıgözəlov təmsil edəcək. O, dünən bu məqsədlə səfərə çıxıb.

Püşkatma zamanı Liqa mərhələsində iştirak edəcək 36 komandanın rəqibləri müəyyənləşəcək. “Sabah”ın 8 fərqli rəqibi olacaq. Azərbaycan çempionu 4 oyunu evdə, 4 oyunu isə səfərdə keçirəcək. İlk tur 8-10 sentyabrda olacaq.

Budəfəki püşkdə yenilik olacaq. UEFA eyni rəqiblər arasında qarşılaşmanın ardıcıl üç mövsüm eyni stadionda keçirilməsinin qarşısını almaq üçün dəyişiklik edib. Bu səbəbdən “Liverpul” və “Real”ın bu mövsüm İngiltərədə qarşılaşması mümkün olmayacaq. Madrid təmsilçisi son iki mövsümdə Çempionlar Liqası çərçivəsində ardıcıl olaraq “Liverpul”un qonağı olub. İngiltərə klubu həmin görüşlərdə müvafiq olaraq 2:0 və 1:0 hesablı qələbə qazanıb. Yeni qaydaya əsasən, eyni komandanın üçüncü dəfə ardıcıl olaraq eyni stadionda üz-üzə gəlməsinin qarşısı alınacaq. Bu qayda yalnız Çempionlar Liqasının əsas mərhələsinə şamil olunur.

Püşkatmadan əvvəl yarışda iştirak edəcək 36 komandanın yer aldığı səbətlərin tərkibi müəyyənləşib. Ən zəiflərin sırasında olan “Sabah” 4-cü səbətdə yer alıb.

1-ci səbət: PSJ (Fransa), “Bayern” (Almaniya), “Real”, “Barselona”, “Atletiko” (hamısı İspaniya), “Liverpul”, “Arsenal”, “Mançester Siti” (hamısı İngiltərə), “İnter” (İtaliya).

2-ci səbət: “Borussiya” (Dortmund, Almaniya), “Roma” (İtaliya), “Sportinq”, “Portu” (hər ikisi Portuqaliya), “Mançester Yunayted”, “Aston Villa” (hər ikisi İngiltərə), “Brügge” (Belçika), “Betis” (İspaniya), PSV (Niderland).

3-cü səbət: “Feyenoord” (Niderland), “Lill” (Fransa), “Bodo Qlimt” (Norveç), “Napoli” (İtaliya), “Leypsiq” (Almaniya), “Vilyarreal” (İspaniya), “Şaxtyor” (Ukrayna), “Qalatasaray”, “Fənərbağça” (hər ikisi Türkiyə).

4-cü səbət: “Slaviya” (Çexiya), “Slovan” (Slovakiya), “Ştutqart” (Almaniya), AEK (Yunanıstan), LASK (Avstriya), “Komo” (İtaliya), “Lans” (Fransa), “Vikinq” (Norveç), “Sabah” (Azərbaycan).

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: