Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyev Türkiyənin “Ümraniyəspor” komandasının heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, o, TFF 1-ci Liqanın 2023/2024 mövsümünün 29-cu turu çərçivəsində baş tutan “Şanlıurfaspor”la oyunun iştirakçısı olub.
“Ümraniyəspor” doğma meydanda baş tutan bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1. Meydan sahibləri 45+3-cü dəqiqədə buraxdıqları qolun əvəzini çıxa bilməyiblər. Coşqun bu oyuna start heyətdə başlayıb və 60-cı dəqiqədə əvəzlənib.
Bu, İstanbul təmsilçisinin cari mövsümdəki 13-cü məğlubiyyətidir. Futbolçumuzun komandası qalan oyunlarda 9 qələbə qazanıb, 7 heç-heçə edib.
29 turdan sonra “Ümraniyəspor” 34 xalla 18 iştirakçı arasında 11-ci pillədə qərarlaşıb.
Xatırladaq ki, Coşqun Diniyev “Ümraniyəspor”la 2023-cü ilin iyul ayında 1+1 illik müqavilə bağlayıb. 27 yaşlı futbolçu sözügedən komandanın heyətində indiyə qədər 28 oyuna çıxıb, 3 qola imza atıb, 2 məhsuldar ötürmə müəllifi olub.


