Dambrauskas: “Hər bir lider öz işi ilə məşğul olmalıdır”

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində TNS-ə qarşı keçirdikləri ilk oyunu şərh edib.

Arena.az xəbər verir ki, Azərbaycan və Uels çempionlarının bu gün Masazırda baş tutmuş ilk görüşü “Sabah”ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Valdas Dambrauskas oyundan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Oyunçularımı təbrik edirəm. Azərbaycanlı futbol azarkeşlərini ÇL-dəki ilk qələbə münasibətlə təbrik edirəm. Çox çətin oyun alındı. Biz bunu toplanışda oyunçularla danışarkən bildirmişdik. Oyunçularıma deyirdim ki, dərin müdafiə olunan komandalara qarşı daha çox çıxış edəcəyik. Belə rəqiblərlə oyunda daha çox səbirli olmalısan. Çox məmnunam. Amma hələ heç nə bitməyib. Bizi çətin səyahət gözləyir. Süni örtüklü meydançada oynayacağıq. Sonuncu dəqiqələrdə təəssüf ki, Stiv Solvet qırmızı vərəqə aldı. Cavab matçında oynaya bilməyəcək. Amma onu əvəz edə biləcək kifayət qədər oyunçumuz var. Səfərdə diqqətli olmalıyıq. Rəqib iki qol geridədir, bunu aradan qaldırmaq üçün buradakı kimi yox, daha çox irəli atılacaq. Boşluqlar verəcəklər ki, bundan yararlanmağa çalışacağıq.

Ötən mövsüm bəzi oyunlarda Solvetsiz də çıxış etmişik. Stiv bizim üçün önəmli oyunçudur, fantastik insandır. Onsuz bizə çox ağır olacq. Çalışacağıq ki, bunun öhdəsindən gələk. Ehtiyatda onu əvəz edəcək 2 oyunçumuz var. Keyfiyyətli oyunçularımız var. Oyuna sonradan daxil olanlar da bunu göstərdilər.

Təbii ki, daha çox qollar vurmaq istəyərdik. Amma 2:0 da yaxşı hesabdır. Daha çox qollar gözləyirdim. İnanıram ki, səfərdə daha çox qol vura biləcəyik. Rəqib risk edəcək. Bu matçdan fərqli olaraq, evdə daha cəsarətli oynayacaqlar. Boşluqlardan yararlanmalıyıq. 3:0, 2:0-dan daha yaxşıdır”.

“Elə etməliyik ki, heç bir bəhanəmiz olmasın”

ABŞ prezidenti DÇ-2026-da amerikalı futbolçu Folarin Baloqunun qırmızı vərəqəsinin ləğvi üçün FİFA-ya müraciət etmiş və onun bağışlanmasına nail olmuşdu. Hansı ki, son günlərdə bütün dünya futbol ictimaiyyəti bu qərardan danışır. Dambrauskas Stiv Solvetə göstərilmiş qırmızı vərəqəyə görə veriləcək cəzanın təxirə salınması üçün UEFA-ya müraciət etməklə bağlı müvafiq suala maraqlı cavabı ilə diqqət çəkib:

“Bizim prezidentimiz İlham Əliyevdir. Azərbaycanda bütün futbol qaydalarına riayət olunur. Heç bir şeyə müdaxilə edilmir. Fikrimcə, hər bir lider öz işi ilə məşğul olmalıdır”.

Dambrauskas səfər oyununa hazırlıq planlarından da söhbət açıb:

“Səfər oyunumuzda daha çox bərpa prosesinə fikir verəcəyik. Oyunçularımız daha yaxşı hazırlaşmalıdır. Hazırda orada kimlərin oynayacağını bilmirik, bunun üçün tezdir. Bizdə iş heç vaxt dayanmır, transfer pəncərəsi dayananda da, işləyəndə də. Bizim üçün ən önəmlisi Uelsdəki oyuna köklənməkdir. Daha sonra növbəti rəqibə köklənəcəyik. Zədələr də ola bilər. Ümid bəslədiyimizdən də aşağı şəkildə çıxış edə bilərlər. Onda çalışacağıq daha yaxşı oyunçu gətirək. Komandamızın kifayət qədər potensiallı oyunçuları var. Bunun üzərində də işləməliyik. Onlar bura necə gəlibsə, biz də o qədər uzun yol gedəcəyik. Süni meydançada oynayacağıq. Bu, bir çağırışdır və bunu qəbul etməliyik. Elə etməliyik ki, rəqiblə oynayanada, heç bir bəhanəmiz olmasın”.

“Evdə yaxşı nəticəyə ümid edirik” – Kreyq Harrison

TNS-in baş məşqçisi Kreyq Harrison da matçdan sonra fikirlərini bölüşüb:

“Çox uzun məsafə qət etmişdik. Çalışırdıq ki, oyunda qalaq. Sərfəli nəticə əldə etmək istəyirdik. Ev oyunumuz var. Çalışmalıyıq ki, cavab görüşündə lazım olan nəticəni qazanaq.

İlk hissədə güc sərf etdik. Hücumameyilli oynamağı düşünürdük. İkinci hissədəki passivliyimizin səbəbi odur ki, rəqib topla daha çox oynadı və bizi yordu. Yorğun idik. Evdə yaxşı nəticəyə ümid edirik.

Bizim hədəfimiz o deyildi ki, burada daha çox vaxt aparaq. Biz bura yaxşı nəticə üçün gəlmişdik. Yaxşı hücum edib, yaxşı müdafiə olunmaq istəyirdik. Ev oyunlarımızda yaxşı göstəricilərimiz var. Daha yaxşı klublara qarşı yaxşı nəticələrimiz var. Ümid edirəm ki, “Sabah”a qarşı da bu uğurlu nəticəni qazanacağıq”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: