Dambrauskas: “KuPS ilə matçda hər şeyi meydanda sübut etməliyik”

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Çempionlar Liqasının 2-ci raundunda KuPS komandasına qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, Azərbaycan və Finlandiya çempionları arasındakı ilk qarşılaşma sabah Bakıda baş tutacaq.

Dambrauskas bu gün matçdan öncə təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Ümid edirəm ki, rəqibimiz qonaqpərvərliyimizi hiss edəcək. Bizim ümüdlərimiz böyükdür. Sabahkı oyuna ən yaxşı şəkildə köklənməliyik. Azarkeşlərimiz üçün qələbə qazanmalıyıq. Buna görə əlimizdən gələni edəcəyik”.

Litvalı mütəxəssisi komandasının avrokuboklardakı perspektivinə toxunub:

“Hara qədər irəliləyə bilərik? Bu barədə danışmaq tezdir. Öz işimizi görməliyik. Hər şeyi meydanda sübut etməliyik. Yolumuz uzundur. İlk növbədə sabahkı görüşə köklənməliyik”.

Dambrauskas Finlandiya çempionatında mövsümün davam etdiyini xatırladaraq rəqibin hazırlığına diqqət çəkib:

“Optimal formada olmağımız üçün nə qədər oyun lazımdır? Hər mövsüm fərqlidir. Kimin yaxşı formada olduğuı barədə danışmağın mənası yoxdur. İstədiyimiz ən yaxşı oyun planını qurmağa çalışacağıq. Rəqib pis formada olsa da, nələrinsə sayəsində meydandan qalib ayrıla bilər. Bizim üçün ən önəmli olan qarşıdan gələn matçdır”.

Dambrauskas heyət seçimi barədə də danışıb:

“Əsas məqsədim komandanı qarşıdakı matça hazırlamaqdır. Kollektivdə rəqabətin olması normaldır. “11-lik” üçün ən yaxşı futbolçuları seçəcəyəm”.

Mikels: Daha çox qollar vurmalıyam ki…

“Sabah”ın hücumçusu Coy-Lens Mikels də KuPS ilə oyundan gözləntisini paylaşıb:

“KuPS güclü komandadır. Maraqlı qarşılaşma olacaq. Səbirsizliklə matçı gözləyirik. Bir həftədir ki, rəqibi təhlil etmişik. Ən yaxşı oyunumuzu sərgiləməyə çalışacağıq. Qalib gələcəyimizə inanıram”.

Mikels özünü hər mövqedə göstərməyə çalışdığını söyləyib:

“Məşqçi hansı mövqedə oynatsa, hazıram. Özümü hücumçu kimi rahat hiss edirəm. Sanki bu mövqedə komandama daha çox kömək edirəm. Rəqabəti hiss edirəm. Bu, olmalıdır. Hücumçu kimi öz işimi görməliyəm. Daha çox qollar vurmalıyam ki, məşqçi məni seçsin”.

“Cütün favoriti “Sabah”dır” – Nuutinen

KuPS komandasının baş məçqçisi Miika Nuutinen də “Sabah”a qarşı keçirəcəkləri oyundan əvvəl mətbuat konfransında iştriak edib. Finlandiyalı mütəxəssis qarşılaşmaya ciddi hazırlaşdıqlarını bildirib:

“Bakıda olduğumuza görə şadıq. Bizi çətin qarşılaşma gözləyir. “Sabah”ın 1-ci təsnifat mərhələsindəki matçlarını izləmişik. Rəqib komanda topla yaxşı rəftar edir. Onları təhlil etməyə çalışdıq. Hər şey meydanda bəlli olacaq. Lakin real danışmaq lazımdırsa, cütün favoriti “Sabah”dır. Diqqətimizi bu matça yönəltmişik”.

“Layiqli mübarizə aparmaq istəyirik” – Kreydl

Finlandiya çempionunu qapıçısı Yohannes Kreydl isə jurnalistlərlə görüşdə ilk oyunda əlverişli nəticə qazanmaq istədiklərini bildirib:

“Rəqib yaxşı futbolçulardan təşkil olunmuş komandadır. Özümüzü qələbəyə ac hesab edirik. Çempionlar Liqası kimi önəmli turnirdə növbəti mərhələyə adlamaq bizim üçün uğur sayılardı. “Sabah” güclü komandadır. Lakin bu rəqibə qarşı meydanda layiqli mübarizə aparmaq istəyirik. Ölkənizi çox bəyənirik. Təəssüf ki, çox qalmağa vaxtımız yoxdur. Hotellərdə yaradılan şərait və qonaqpərvərlik müsbət mənada diqqətimizi çəkdi”.

Qeyd edək ki, “Sabah” və KuPS arasında ilk matç iyulun 21-də Masazır Arenada keçiriləcək. Qarşılaşmaya saat 20:00-da start veriləcək. Cavab görüşü isə gələn həftə Finlandiyada keçiriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: