“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində KuPS üzərində qazandıqları 1:0 hesablı qələbəni şərh edib.
Arena.az xəbər verir ki, Azərbaycan və Finlandiya təmsilçiləri arasındakı ilk oyun bu gün Masazırda keçirilib.
Dambrauskas qalib gəldikləri matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Qələbə münasibətilə hər kəsi təbrik edirəm. Hazırda böyük, möhtəşəm emosiyalar yaşayırıq. Düzdür, müəyyən məyusluq da var. Çoxlu qol epizodları yaratdıq, amma onları dəyərləndirə bilmədik. Futbolçular verilən tapşırıqları düzgün yerinə yetirdilər. Hər iki hissədə kifayət qədər imkanlarımız oldu. Təəssüf ki, top qapıya girmədi. Oyunun sonlarında isə bəxtimiz gətirdi, çünki rəqib hesabı bərabərləşdirə bilərdi. Bu məyusluğu unutmalı və növbəti oyuna hazırlaşmalıyıq. Qarşıda çətin səfər matçı var. KuPS bizi artıq yaxşı tanıyır. Uzun səfər edəcəyik və süni örtüklü meydanda oynayacağıq. İnanıram ki, səfər görüşündə yaratdığımız imkanlardan yararlana biləcəyik.
Mənim məşqçi kimi vəzifəm sərəncamımda olan futbolçular arasından ən yaxşı heyəti seçmək və hazırlamaqdır. Futbolçular isə tələblərimizə hazır olmalı və qələbələrə töhfə verməlidirlər. Aaron Maluda nə fiziki, nə də psixoloji cəhətdən bu oyuna hazır idi.
Daha bir qol vurmaq istəyirdik. Meydanı tərk edən Aleksey İsayev və Kahim Parris əla oyun keçirdilər, çox böyük enerji sərf etdilər. Ksander Severina və Patrik Mbinanı meydana buraxmaqla hücumlarımızın sayını artırmaq istəyirdik. Həqiqətən də ikinci qola çox yaxın olduq.
Bu oyunu təhlil edəcəyik, nələri daha yaxşı edə biləcəyimizə baxacağıq. Bəli, bizi çətin qarşılaşma gözləyir. Finlandiyada yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik.
Komandanın bu qədər qol epizodunu dəyərləndirə bilməməsi məni çox narahat etmir. Bu epizodları yarada bilməsəydik, o zaman narahat olardım. Biz isə hər oyunda kifayət qədər qol imkanları yaradırıq. Bu gün TNS-lə matçdakından daha çox epizod yaratdıq. Bu gün bizə sadəcə qol çatmadı”.
“Həmişə ən güclü heyəti seçmək istəyirəm” – Dambrauskas
Dambrauskas yeni transferlərə çox şans verməməsinə də aydınlıq gətirib:
“Mövsüm hələ yeni başlayır. TNS-lə səfər matçında yeni transfer Junior Almeyda meydana çıxmışdı. Biz çempion komandayıq və bu uğurda payı olan futbolçuları qiymətləndirməliyik. Onları əsas heyətdən çıxarmaq istəmirəm. Onlar komanda daxilində yaxşı anlaşırlar. Yeni futbolçular isə uyğunlaşmalı, komandanı daha yaxından tanımalıdırlar. Həqiqətən də çox keyfiyyətli oyunçular transfer etmişik. Mən həmişə ən güclü heyəti seçmək istəyirəm. Geniş heyətimiz var və hər bir futbolçu komandaya fayda verə bilər. Bu gün kifayət qədər yaxşı oynadıq, lakin daha çox qol vura bilərdik. Məhz buna görə məyusuq”.
KuPS komandasının baş məşçqisi Miika Nuutinen də matçdan sonra fikirlərini bölüşüb:
“Rəqibi təbrik edirəm, yaxşı oyun keçirdi. Müdafiə olunmağa məcbur idik. Bilirdik ki, bizi çətin qarşılaşma gözləyir. Rəqib çox hücum etdi. Amma hələ də şanslarımız qalır. Bir həftə sonra ən yaxşı oyunumuzu göstərməyə çalışacağıq ki, növbəti mərhələyə yüksəlmək uğrunda mübarizə apara bilək. “Sabah” çoxlu qol epizodu yaratdı. Amma bizim üçün əsas məsələ növbəti mərhələyə yüksəlmək şansını qorumağımızdır”.
O, komandasının vaxt uzatması ilə bağlı iddiaları isə qəbul etməyib:
“Bununla razı deyiləm. Əlbəttə, 0:1 nəticəsi bizim üçün pis deyil, amma vaxt uzatmamışıq. İlk oyunu analiz etməliyik. Heyətimizdə yaxşı nəticə uğrunda mübarizə apara biləcək keyfiyyətli futbolçular var”.


