Dambrauskas “Petrokub” üzərində qələbəni şərh etdi

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Petrokub”a qarşı keçirdikləri ilk oyunu Şərh edib.

Arena.az xəbər verir ki, Moldova və Azərbaycan təmsilçiləri arasındakı ilk qarşılaşma bu gün Kişinyov şəhərində baş tutub.

Bakı klubu səfərdə inamlı qələbəyə (2:0) sevinməklə cütün taleyinə böyük ölçüdə aydınlıq gətirib. Valdas Dambrauskas qarşılaşmadan sonra təşkil olunmuş mətbuat konfransında oyunla bağlı bunları söyləyib:

“Çox çətin oyun oldu. Rəqib bu oyuna kimi artıq 7 matç keçirmişdi. Bu oyunlar əsasında onları yaxşı təhlil etmişdik. Yəni rəqibi təhlil etmək üçün kifayət qədər materialımız var idi. Bura sadəcə müdafiə olunmağa və ya əks-hücumda şans axtarmağa yox, öz oyun üslubumuzu meydanda göstərmək, oyuna nəzarət etmək niyyətilə gəlmişdik. Düzdür, oyunda enişli-yoxuşlu anlar oldu, xüsusilə də birinci hissədə. Bəzən istədiyimizi tam göstərə bilmədik. İkinci hissədə isə, xüsusilə ilk 5-7 dəqiqədə, bir qədər çətinlik yaşadıq.

Üzərində işləməli olduğumuz çox məqam var. Qoldan sonra oyunu çox yaxşı şəkildə bağladıq. Rəqib təzyiq etməyə çalışsa da, biz topa nəzarət edə bildik, boş oyunçunu tapdıq ki, bu da məhz komandamın oynamasını istədiyim tərzdir. Avropada səfərdə qalib gəlmək çox önəmlidir. Qapımızı toxunulmaz saxladıq, iki qol vurduq – bu yaxşı nəticədir, amma iş hələ bitməyib. İki oyundan ibarət cütlükdə heç vaxt hər şey ilk oyunda həll olunmur. İndi geri qayıdıb, cavab oyununa hazırlaşmalıyıq”, deyə Dambrauskas bildirib.

Xatırladaq ki, “Sabah”la “Petrokub” arasındakı cavab görüşü gələn həftə Masazırda keçiriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: