“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasında Praqa “Slaviya”sı ilə oyundan öncə fikirlərini bölüşüb.
Arena.az xəbər verir ki, Azərbaycan və Çexiya çempionları arasındakı görüş sabah Bakıda baş tutacaq.
Dambrauskas bu gün oyundan öncə təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Bu səviyyədə oyunlarda meydana çıxdıqda əlimizdən gələni etməyə çalışırıq. Hər kəs də yaxşı nəticə gözləyir. “Slaviya” da eyni nəticəsini istəyir. 90 dəqiqədə çox şey baş verə bilər. Baş məşqçi olaraq işim oyuna köklənmək və meydanda nələrin baş verdiyini izləməkdir. “Slaviya” güclü komandalardan biridir. Gözəl oyun sistemi olan kollektivdir. Bir çox məsələlərdə, fiziki cəhətdən çox hazır komandadır. Onlar heç vaxt yorulmurlar, hər zaman pressinqə üstünlük verirlər. “Slaviya”nın baş məqşçisi uzun zamandır komandadadır. Qısa ötürmələrlə hücumameyilli oynayırlar. Çexiya çempionatında demək olar ki, bir və iki ötürmədən sonra hücuma meyillənirlər. Biz konsentrasiyanı itirməməyə çalışmalıyıq. Bu səviyyədə olan komandalar rəqibi cəzalandırmağa hazır olurlar. Öz gücümüzə inanıram. Ümidvaram ki, onların zəif nöqtələrini tapıb istifadə edəcəyik. Əsas məsələ mental olaraq hazır olmaqdır”.
Dambrauskas “Slaviya”nın da “Sabah”la matça 3 xal gözü ilə baxması barədə fikirlərə isə belə münasibət bildirib:
“Bəli, biz bundan xəbərdarıq, uzun müddətdir ki, səfərdə qalib gələ bilmirlər. Biz nəyə qadir olduğumuzu bilirik. Bəlkə onlar üçün asan rəqib kimi görünürük. Bizim də özümüzü sübut etmək şansımız var. İnanmıram ki, bu, mənim üçün əlavə motivasiya olsun. Mənim üçün ən böyük motivasiya meydana çıxmaq və ən yaxşısını etməkdir. Bu vaxta qədər möcüzə yaratmışıq. Azərbaycan və Türkiyə qardaş ölkələrdir. Azərbaycanlı deyiləm. Amma mən də buradayam. Türkiyə futbolunun tarixini, “Qalatasaray”, “Fənərbağça”, “Beşiktaş”, “Trabzonspor” və digər klubların nailiyyətlərini bilirik. Orada mükəmməl oyunçular var. Azərbaycan da bu tarixi yazmağa davam edir. Azərbaycanın da Çempionlar Liqasında nailiyyətləri pis deyil. Bilirik ki, türklər futbolu çox sevirlər. Hər zaman Türkiyəni nümunə götürürük. Azarkeşləriniz mükəmməldirlər”.
“Xalqımızı sevindirməyə çalışacağıq”
“Sabah”ın müdafiəçisi Rəhman Daşdəmirov də matçdan öncə fikirlərini bölüşüb:
“Sabah Çempionlar Liqasında ilk ev matçına çıxacağıq. Ümid edirəm ki, stadion dolar, azarkeşlərimiz gələr. Yaxşı nəticə qazanıb xalqımızı sevindirməyə çalışacağıq. Oyuna yaxşı hazırlaşmışıq. Millidəki oyunlardan sonra heç bir yorğunluğum yoxdur. Allah qoysa, sabah da qələbə qazanarıq. Hər şey qaydasındadır. Fikrimcə, Bakı Olimpiya Stadionu bizə daha uyğun olar. Burada azarkeş dəstəyi çox olacaq. Tofiq Bəhramov adına Respublika Stadionu Azərbaycan üçün tarixi arenadır. BOS-da daha çox azarkeş olsa, məncə, daha yaxşı olar”.


